BAKI, 6 noyabr — Sputnik. Bakıda avtobus zolaqlarının tələblərinə riayət edilməməsi halları ictimailəşdiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) açıqlamasında bildirilir.
Məlumatda bildirilir ki, bir çox minik avtomobili sürücüləri avtobus zolaqlarının tələbinə riayət etmirlər. Bu kimi hallara daha çox Q.Qarayev, Babək və M.Useynov prospektlərində, eləcə də M.Hadi, M.Füzuli, Y.Səfərov, Ə.Rəcəbli küçələrində rast gəlinir.
Müntəzəm marşrut xətləri üzrə avtobusların rahat və maneəsiz hərəkətinin təmin edilməsi, gündəlik səfər sayı 2,2 milyon nəfər olan ictimai nəqliyyat istifadəçilərin təyinat nöqtəsinə əlavə vaxt itkisi, əsəsb və stress olmadan çatması baxımından avtobus zolaqlarının mövcudluğu mühüm əhəmiyyət kəsb edir.
Həmçinin deyilir ki, avtobus zolaqları dayanıqlı şəhər mobilliyinin təmin olunması, eləcə də ətraf mühitinin qorunması baxımından da əhəmiyyətlidir. Bu zolaqların olması bilavasitə şəhərdə nəqliyyat sıxlıqlarının azaldılmasına da zəmin yaradır. Belə ki, sıxlıq və tıxac zamanı marşrut xətləri üzrə avtobusların menəsiz hərəkət etməsi tədricən insanları şəxsi avtomobildən istifadədən çəkindirir və ictimai nəqliyyata yönləndirir:
Məsələn: Bir var bir avtobusda 50-60 sərnişin hərəkət edir. Bir də var 50-60 sərnişini bir o qədər sayda minik avtomobili daşıyır. Məhz bu cür vacib məqamları nəzərə alaraq BNA paytaxtda avtobus zolaqları təşkil edir. Zolaqların təşkil edilməsi üçün seçilən küçə və prospektlər avtobusların hərəkət intensivliyi baxımından paytaxtın ictimai nəqliyyat dəhlizləri hesab olunur.
Belə ki, sadalanan yollardan gün ərzində yüz minlərlə ictimai nəqliyyat istifadəçisi hərəkət edir. Lakin gündəlik bu xətalar səbəbindən avtobusların hərəkət qrafikində ləngimələr yaranır. Nəticədə dayanacaqlarda və avtobuslarda sərnişin sıxlıqları yaranır.
İctimai nəqliyyat istifadəçilərinə əlavə çətinlik yaradan minik avtomobili sürücülərinin ictimai qınağa çəkilməsi məqsədilə BNA aksiyaya başlayıb. Bu çərçivədə avtobus zolağının tələbinin pozulmasına dair müşahidə kameraları vasitəsilə qeydə alınan görüntülər ictimailəşdirilir.
İctimai qınaq obyektinə çevrilməmək üçün sürücülər avtobus zolağının tələbinə riayət etməli, ictimai nəqliyyatın üstünlüyünə anlayışla yanaşmalıdırlar. Avtobus zolağının tələbinin pozulması inzibati məsuliyyət yaratmaqla yanaşı həm də avtobusla hərəkət edən sərnişinlərə qarşı etinasızlıqdır.
Həmçinin oxuyun:
Sərnişinlər narazı qaldıqları şirkətlərdən xilas olacaqlar: Şikayət təkcə 10 xətdən deyil