BAKI, 6 noyabr — Sputnik. Azərbaycan 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarını azad etdi. Şanlı Zəfər nəticəsində bu gün biz Cənubi Qafqaz regionunda sülhün bərqərar olması və çiçəklənməsi məsələsini müzakirə edirik.
Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" mövzusunda paneldə Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım deyib.
Azərbaycanın Ermənistana sülh müqaviləsi təklif etdiyini bildirən Binəli Yıldırım qeyd edib ki, heç kim bu sülh müqaviləsinə qarşı çıxmamalıdır. Sülh razılaşması nəticəsində Türkiyə ilə Ermənistan arasında da münasibətlərin normallaşması istiqamətində hər hansı problem qalmayacaq. Türkiyə bu münaqişənin həlli istiqamətində region ölkələri ilə geniş iş aparır. Region dövlətləri arasındakı əməkdaşlıq, qarşılıqlı anlayış mühitində Cənubi Qafqaz regionu daha da inkişaf edəcək.
Qeyd edək ki, sayca 8-ci olan və noyabrın 6-dək davam edəcək Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirə 300-ə yaxın qonaq canlı və onlayn qaydada qoşulub.