BAKI, 6 noyabr — Sputnik. İşğaldan azad edilmiş daha bir rayonda yeni Uşaq və Ailələrə Dəstək Mərkəzi inşa olunacaq. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova məlumat verib.
Komitə sədri deyib ki, noyabrın 1-də İsmayıllı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzinin yeni binasının açılışı olub. Belə Mərkəzlərin Azərbaycanın bütün regionlarında yaradılması nəzərdə tutulub:
"Bu bizim planlarımıza daxildir. Cənab Prezident tərəfindən imzalanmış Milli Fəaliyyət Planlarında da Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin yaradılması öz əksini tapıb. Biz həm bu sənəddən irəli gələn, həmçinin də bizim səlahiyyətlərimizin daha yaxşı icra olunması üçün yeni Mərkəzlərin tikintisini planlaşdırırıq. Artıq gələn il üçün işğaldan azad olunmuş Ağdamda yeni Uşaq və Ailələrə Dəstək Mərkəzinin tikintinə hazırlaşırıq. Hazırda layihə-smeta sənədləri üzərində iş aparılır. Gələn ilin sonuna bu Mərkəzin istifadəyə verilməsi nəzərdə tutulub".
Komitə sədri həmçinin deyib ki, bütün regionlarımızda belə Mərkəzlərin olması vacibdir:
"Mövcud imkanlar nəzərə alınmaqla bu Mərkəzlərin tikintisi həyata keçiriləcək".