BAKI, 5 noyabr — Sputnik. Avropa və Mərkəzi Asiya COVID-19 pandemiyasının episentri olaraq qalmaqda davam edir. Ehtimal edilir ki, gələn ilin fevralın 1-nə qədər əlavə olaraq 500 min insan həyatını itirə bilər.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının regional direktoru Hans Kluq deyib.
O bildirib ki, son dörd həftədə regionda yoluxma halları 55 faiz və ölüm halları isə 48 faiz artıb.
Qış mövsümündə insanların daha çox qapalı məkanlarda toplanması və maskalardan istifadə səviyyəsinin aşağı olması yoluxmaların daha da artacağını deməyə əsas verir. ÜST rəsmisi deyir ki, Avropada vaksinasiya prosesində də vəziyət ürəkaçan deyil. Qoca qitədə bir milyard vaksin olsa da, əhalinin sadəcə 47 faizi tam vaksinasiya edilib. Regionun 8 ölkəsində əhalinin 70 faizi tam vaksinasiya edilib. Kluq maska taxılması ilə bağlı sərt tədbirlərin vacibliyini vurğulayıb.
O qeyd edib ki, Avropada və Mərkəzi Asiyada əhalinin 95 faizi maska taxmaq tələbinə riayət edərsə, itirilə biləcək yarım milyon insan həyatından 188 minini xilas etmək olar. Kluq həmçinin COVID-19 pasportunun tətbiqini müdafiə edərək, bunun azadlığı məhdudlaşdıran bir şey olmadığını və fərdi azadlığa doğru bir vasitə olduğunu söyləyib.