HADİSƏ

İşçilərinin maaşını mənimsəyən baş həkim və müavini qanun qarşısındadır

Rüşvət almaqda təqsirləndirilən baş həkim və müavininin məhkəməsi başlayıb.
Sputnik
BAKI, 5 noyabr — Sputnik. Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən 23 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rəsul Baxşəliyev, onun müavini Zinyət İsmayılova, Afət İbrahimova Əli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı noyabrın 11-nə təyin edilib.
Qeyd edək ki, 23 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkiminin iqtisadi məsələlər üzrə müavini Zinyət İsmayılovanın qanunsuz əməlləri ilə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Aparılan istintaq-əməliyyat tədbirləri ilə Zinyət İsmayılovanın 13 aprel 2021-ci il tarixədək xəstəxananın baş həkimi vəzifəsində işləyən Rəsul Baxşəliyevlə cinayətkar əlaqəyə girərək 2015-ci ildən etibarən xəstəxanada ayrı-ayrı vəzifələrdə işləyən tibb işçilərinin əmək stajının hesablanması yolu ilə işə gəlməmələrinə şərait yaradılması müqabilində sonuncuların əməkhaqqı kartlarını özündə saxlamaqla, kart hesablarına mədaxil olunan ümumilikdə 314 min 400 manat məbləğində pul vəsaitini hər ay nağdlaşdıraraq öz aralarında bölmələrinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq zamanı vurulan maddi ziyanın 112 min manat hissəsinin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Eləcə də oxuyun:
* Astarada həkimin dərman verdiyi xəstə ölüb
* "Əlillik" üzərində qurulan daha bir oyun