BAKI, 5 noyabr — Sputnik. Kolumbiya prezidenti İvan Duke bildirib ki, kokaindən istifadə edənlər Amazon meşələrinin məhv edilməsində günahkardırlar.
"Digər ölkələrdə kokain istifadəçiləri çox açıq şəkildə ətraf mühitin müdafiəsi mövzusunda çıxış edirlər. Ancaq onlar kokaindən istifadə etməklə ətraf mühitə böyük zərər vurduqlarını başa düşmürlər... Bir hektar koka istehsal etmək üçün, Kolumbiyada demək olar ki, iki hektar tropik cəngəlliklər məhv edilir", - deyə Duke Qlazqoda keçirilən COP26 iqlim sammitinin gedişində "Financial Times" qəzetinə verdiyi müsahibəsində bildirib.
BMT-nin məlumatına görə, Kolumbiyada kokain istehsalında əsas komponent olan koka yarpaqlarının becərilməsi üçün təxminən 143 min hektar ərazi ayrılıb. Son zamanlar hökumətin qanunsuz əkin sahələrinin aradan qaldırılması istiqamətində səylərinə baxmayaraq, milli park və qoruqlarda bu bitkinin becərilməsi artmaqdadır.
Qəzetin yazdığına görə, Kolumbiya gələn ilə qədər öz ərazisinin demək olar ki, üçdə birini qorumağı, həmçinin istixana qazlarının tullantılarını 2030-cu ilə qədər 51% azaltmağı planlaşdırır.
Dünyadakı koka plantasiyalarının 90%-dən çoxu Kolumbiya, Peru və Boliviyanın daxil olduğu "And narkotik üçbucağı" adlanan ərazidə cəmləşib. Panama, Ekvador, Venesuelanın cənub-qərbində və Braziliyanın şimal-şərqindəki plantasiyalarda az miqdarda koka yetişir.