CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pay torpağı olanların nəzərinə - Qanun dəyişdirildi

"Dövlət rüsumu haqqında" qanuna dəyişiklik Milli Məclisdə müzakirəyə çıxarılıb və qəbul edilib.
Sputnik
BAKI, 5 noyabr — Sputnik. "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik parlamentin iclasında müzakirəyə çıxarılıb.
Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliyə əsasən, torpaq islahatı haqqında” qanuna uyğun olaraq, ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin (pasport və plan ölçü) verilməsinə görə dövlət rüsumu tutulmayacaq.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qeyd edib ki, 1996-cı ildə qəbul olunmuş “Torpaq islahatı haqqında” qanuna görə Azərbaycanda 2032 kolxoz və sovxoz ləğv olunmuş, bunun əvəzində minlərlə ailəyə torpaq payı verilmişdi. Bu, o zaman Ulu öndər Heydər Əliyev tərəfindən MDB-də keçirilmiş ilk torpaq islahatı olmuşdu. Azərbaycanda sahibkarlığın inkişafına, qida təhlükəsizliyinin və əhalinin məşğulluğunun təmin olunmasına çox böyük təkan vermişdi. Aparılan təhlillər ötən 25 il ərzində islahatların icrası zamanı bir sıra nöqsanlara yol verildiyini aşkara çıxarıb.
Layihəyə görə, “Dövlət rüsumu haqqında” qanunda edilən dəyişiklik torpaq islahatı dövründə pay torpağı almış, lakin müvafiq hüquqi sənədlərlə təmin edilməmiş torpaq sahiblərinin torpaq üzərində hüquqlarının təsdiqi zamanı dövlət rüsumundan azad edilməsini nəzərdə tutur. Bu, həm mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (30 manat miqdarında dövlət rüsumu), həm də texniki sənədlərin verilməsinə (50 manat miqdarında dövlət rüsumu) şamil ediləcək, yəni vətəndaş 80 manatı ödəməkdən azad olunacaq və həmin məbləğ dövlət büdcəsindən ödəniləcək.
Müzakirədən sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.