SƏHİYYƏ

Ev heyvanında koronavirusu necə müəyyən etmək olar

Baytarın sözlərinə görə, əgər diaqnoz təsdiqlənibsə, ancaq heyvan özünü yaxşı hiss edirsə, onu müalicə etməyə ehtiyac qalmır.
Sputnik
BAKI, 5 noyabr — Sputnik. Pişik və itlərdə öskürək, burun axması, halsızlıq və ağır nəfəs alma koronavirusun simptomları ola bilər, ancaq bu həmişə narahat olmaq üçün bir səbəb deyil. Bu barədə "SberZdorovye" onlayn tibb xidmətinin baytar həkimi RİA Novosti ilə fikirlərini bölüşüb.
"Ev heyvanlarının koronavirusa yoluxmasına nadir hallarda rast gəlmək olur və bu, xəstə insanla sıx və uzun müddət təmasda olduqda baş verə bilər. Əgər siz özünüz də koronavirus xəstəsisinizsə, it və ya pişiyinizdə asqırma, öskürmə, gözün və burnun axması, halsızlıq və ağır nəfəs alma kimi simptomları müşahidə etsəniz, istisna deyil ki, onlar da bu xəstəliyə yoluxa bilərlər", - deyə baytar həkim izah edib.
İnfeksiya baytarlıq klinikasında təsdiqlənə və ya istisna edilə bilər: ev heyvanının burnundan yaxma alınacaq. Ancaq təsvir olunan simptomlar mikoplazma kimi digər tənəffüs-reseptor infeksiyaların əlamətləri ola bilər.
Ekspert qeyd edib ki, əksər hallarda ev heyvanları koronavirus infeksiyasını asanlıqla, bəzən də simptomsuz keçirirlər. Heyvanlarda bu xəstəliyin ağır formaları çox nadir hallarda baş verir.
"Əgər diaqnoz təsdiqlənibsə, ancaq heyvan özünü yaxşı hiss edirsə, onu müalicə etməyə ehtiyac qalmır. Sadəcə onun özünü necə hiss etməsini izləmək kifayətdir. Əgər yeni simptomlar yaranarsa və ya daha da pisləşərsə, baytarlıq klinikasına müraciət etmək lazımdır", - deyə ekspert bildirib.
"Bundan əlavə, "pişik koronavirusu" da mövcuddur, ancaq bunun COVID-19-la heç bir əlaqəsi yoxdur. Bu xəstəlik, demək olar ki, bütün pişiklərdə var və o, heç bir təhlükə yaratmır, ancaq nadir hallarda yoluxucu peritonit və enteritin inkişafına səbəb ola bilər. İnsanlar və itlər üçün bu virus təhlükəli deyil, yalnız pişiklər bu xəstəliyə yoluxa bilərlər", - deyə baytar fikrini tamamlayıb.