CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əli Hüseynli böyük amnistiya aktı haqda: "İkinci hissədə məhdudiyyətlər qeyd olunub"

Deputat bildirib ki, Azərbaycanın məhkəmə, hüquq-mühafizə orqanları tərəfindən bu qərarın daha tez icrası təmin ediləcək.
Sputnik
BAKI, 5 noyabr — Sputnik. 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya Azərbaycanda humanizm siyasətinin davamıdır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu humanizm siyasəti Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlament sədrinin birinci müavini Əli Hüseynli “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin qərar layihəsi müzakirə edilərkən deyib.
O qeyd edib ki, Azərbaycanda humanizm siyasətinin davamı nəticəsində 1995-2021-ci illər ərzində 67 əfv fərmanı və sərəncamı imzalanıb. Bu müddət ərzində 11 amnistiya aktı qəbul edilib və bunlardan bir neçəsi birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilib. İndiyə qədər qəbul edilən amnistiya aktları 117 min şəxsi əhatə edib.
Deputat bildirib ki, qərar layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında geniş müzakirə edilib: “Bu amnistiya aktı da çox dürüst hazırlanıb. Sənəd 4 hissədən ibarətdir. Preambulada 8 noyabr - Şuşa şəhərinin işğaldan azad olunmasının əhəmiyyəti əks olunub. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağın və Şərqi Zəngəzurun erməni işğalından azad edilməsi xatırlanıb. Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı erməni təcavüzündən zərər çəkən əhalinin yaxınları və qohumları da bu amnistiyaya aid ediləcəklər. Amnistiya qərarının 2-ci hissəsi özündə məhdudiyyətləri əks etdirir. 1994-cü ildə Amnistiya aktının məhdudlaşdırılması ilə bağlı qanun var. Cinayət Məcəlləsinin bir sıra maddələrinə amnistiya tətbiq edilməsinə məhdudiyyətlər mövcuddur. Biz əminik ki, amnistiya qərarı bu gün qüvvəyə minəcək və insanlar azadlığa çıxmağa başlayacaqlar. Azərbaycanın məhkəmə, hüquq-mühafizə orqanları tərəfindən bu qərarın daha tez icrası təmin ediləcək".
"Eyni zamanda, amnistiyaya düşən şəxslərin sosial reabilitasiya məsələləri də əksini tapıb. Təxminən 16-17 min, bəlkə də daha çox şəxsin bu amnistiyaya düşməsi gözlənilir”, - deyə o əlavə edib.
Eləcə də oxuyun:
* Böyük əfv - Milli Məclis minlərlə insanın azadlığına qərar verdi