CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zorakılığa məruz qalan on bir yaşlı uşağın qardaşının taleyi məlum oldu

ƏƏSMN-in yanında Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətinin rəhbəri Murad Həşimov deyib ki, İmişlidə ögey atası tərəfindən zorakılığa məruz qalaraq uşaq dünyaya gətirən 11 yaşlı uşağın qardaşı sığınacağa yerləşdirilib.
Sputnik
BAKI, 4 noyabr — Sputnik. Zorakılığa məruz qalaraq uşaq dünyaya gətirən 11 yaşlı uşağın qardaşı da müəssisəyə yerləşdirilib. Sputnik Azərbaycan bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətinin rəhbəri Murad Həşimov deyib.
M.Həşimovun sözlərinə görə, o, artıq agentliyin müvafiq müəssisəsindədir:
"Azyaşlı Sosial Xidmətlər Agentliyi ilə aidiyyati dövlət orqanları və İmişli Rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı çərçivəsində, sığınacağa yerləşdirmə qaydalarına uyğun olaraq müəssisəyə gətirilib. Onun da psixo-sosial vəziyyəti qiymətləndirildikdən sonra reabilitasiyası istiqamətində fəaliyyətə başlanacaq".
Qeyd edək ki, İmişli rayon sakini, 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) atalığı - 1978-ci il təvəllüdlü S.C (ad şərtidir) tərəfindən zorlanması faktı əsasında sonuncuya Cinayət Məcəlləsinin 149.3.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam edir.
11 yaşlı qızın övladı Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Hamiləlik patologiyası şöbəsində qeysəriyyə əməliyyatı ilə 31-ci həftəsində dünyaya gəlmişdi. Noyabrın 2-də həmin uşaq dünyasını dəyişib.
Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial işçisi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin psixoloqu zorakılığa məruz qalaraq uşaq dünyaya gətirən 11 yaşlı uşağın psixo-sosial vəziyyətini qiymətləndirərək, onun reabilitasiyası istiqamətində fəaliyyətə başlayıb. Uşağın maraqlarını qorumaq məqsədi ilə dövlət sığınacağına yerləşdirilməsi qərara alınıb və o, nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilib.
Müəssisədə uşağın reabilitasiyası ixtisaslı mütəxəssislər tərəfindən müvafiq sosial-psixoloji reabilitasiya proqramı əsasında həyata keçiriləcək. Burada onun sosial, psixoloji və digər təlabatları qarşılanacaq. Uşağın sosial reabilitasiyası müvafiq dövlət qrumları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Onu da deyək ki, azyaşlının anası da artıq Agentliyin sığınacağına yerləşdirilib. Burada ona müvafiq sosial-psixoloji reabilitasiya tədbirləri çərçivəsində xidmət göstərilməsinə başlanıb.