SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ÜST-ün Baş direktoru: "Növbəti böhrana hazırlaşmalıyıq"

Gebreyesus deyib ki, səhiyyəyə, ilkin xidmətlərə ayrılan vəsaitlər artırılmalı, qlobal çərçivədə xüsusi maliyyə çərçivəsi yaradılmalıdır.
Sputnik
BAKI, 4 noyabr — Sputnik. ÜST-ün məqsədi bu il ərzində bütün dünya ölkələrində əhalinin ən azı 40 faizinin peyvənd olunmasıdır.
Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Gebreyesus Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "COVID-19-dan sonrakı dünya" mövzusunda keçirilən Qlobal Bakı Forumuna göndərdiyi videomüraciətində deyib.
"Biz bundan sonra da növbəti böhrana hazırlaşmalıyıq. Bizim səhiyyə sistemlərimiz daha müvafiq olmalıdır. Ən zəngin və inkişaf etmiş dövlətlər belə, bu xəstəlikdən qorunmayıb. Bu pandemiya bir daha göstərdi ki, sağlamlıqla bağlı olan məsələ həmişə diqqət mərkəzində olmalıdır. Biz səhiyyəyə, ilkin xidmətlərə ayrılan vəsaitləri artırmalıyıq. Biz qlobal çərçivədə xüsusi maliyyə çərçivəsi yaratmalıyıq", - deyə o bildirib.
VIII Qlobal Bakı Forumu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə noyabrın 4-də "COVID-19-dan sonrakı dünya" mövzusunda növbəti Qlobal Bakı Forumu işə başlayıb.
Sayca 8-ci olan və noyabrın 6-dək davam edəcək Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirə 300-ə yaxın qonaq canlı və onlayn qaydada qoşulacaq.
Tədbir çərçivəsində keçiriləcək panel iclaslarda "COVID-19-dan sonra yaranan yeni dünya nizamı", "Yeni dünya iqtisadiyyatı", "Yeni dövrdə sülh, təhlükəsizlik və insan hüquqları", "İqlim dəyişikliyi ilə mübarizə və qlobal enerji tələbatının qarşılanması", "Səhiyyə və insanların peyvənd edilməsi", "Qida və qida təhlükəsizliyinin təşviqi", "Gənclər danışır, biz dinləyirik", "Şərq tərəfdaşlığı və onun imkanları" mövzularında, həmçinin Avropa İttifaqı, Balkan regionu və Cənubi Qafqazdakı vəziyyətə dair müzakirələr aparılacaq.