CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşaqların gözü qarşısında bu cür səhnələri canlandırmaq olmaz - Hellouin xəbərdarlığı

Hellouin şənliyi zamanı özümüz fərqində olmadan uşaqları əyləndirmək xətrinə onlara şiddəti və zorakılığı təbliğ etmiş oluruq.
Sputnik
BAKI, 4 noyabr — Sputnik. Bu günlərdə paytaxtın uşaq bağçalarında təşkil edilən "Hellouin" bayramı cəmiyyətdə birmənalı qarşılanmayıb. Bayramdan qorxu, şiddət təbliğ edən görüntülər ciddi qınaq obyektinə çevrilib. Xüsusilə "Malvina" uşaq bağçasının adından paylaşılan şəkil sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İnsanlar həmin şəkli tənqid edib və uşaqlara şiddət aşıladığını deyiblər. Qeyd edək ki, şəkildə "Hellouin" bayramından çəkilmiş başı kəsilmiş maket təsvir edilib.
"Malvina" uşaq bağçasının rəhbərləyindən Sputnik Azərbaycan-a bildirilib ki, həmin şəkil onların bağçasında çəkilməyib: "Bu şəkil 6 il əvvələ aiddir və bizim bağçamızda çəkilməyib. Hansısa bir evdə çəkilən şəkli bizim adımızdan yayımlayırlar. Biz 6 il əvvəl bununla bağlı televiziyalara da açıqlama vermişik. Araşdırmaq lazımdır ki, görəsən, kimdir bizə qara yaxmaq istəyən. "Hellouin" 6 ildir bizim müəssisəmizdə qeyd olunmur".
Qeyd edək ki, bəhs edilən şəkil 31 oktyabrda qeyd edilən sözügedən bayramdan sonra üzə çıxıb. Bağçadan "Hellouin" bayramının keçirilməsini təkzib etsələr də, Bakıdakı özəl məktəbəqədər təhsil müəssisələrində bu bayramın təşkil olunduğu danılmaz faktdır. Hətta uşaq bağçaları "Hellouin" bayramına dekorasiya xidməti də dəvət edirlər. Valideynlər isə sözügedən bayrama görə uşaqları üçün kostyumlar sifariş verir, onların qrimlənməsinə xeyli vəsait xərcləyirlər.
Psixoloqlar bizim üçün yad olan bu bayramın uşaq bağçalarında təşkil edilməsinin azyaşlılara ciddi psixoloji təsir etdiyini söyləyirlər. Psixoloq Elnur Rüstəmov deyir ki, bağçaların uşaqların əylənməsi üçün təşkil etdiyi "Hellouin" şənliyinin azyaşlılara psixoloji təsiri nəzərə alınmalıdır:
"Hellouin" bayramı bizə yad olsa da, son illər Azərbaycanda da bu bayram təşkil edilir. Əslində uşaq bağçalarının məqsədi bu tədbirlə uşaqları əyləndirmək olsa da, bəzən özləri də bilmədən uşaqlara şiddət, qorxu aşılaya bilərlər. Ümumiyyətlə qorxulu və zorakılığı təbliğ edən personajların canlandırılmasında diqqətli olmaq lazımdır. Bu zaman özümüz fərqində olmadan uşaqları əyləndirmək xətrinə onlara şiddəti və zorakılığı təbliğ etmiş olarıq. Çalışmaq lazımdır ki, uşaq bağçalarında daha çox müsbət qəhrəmanlar canlandırılsın".
E.Rüstəmov bildirir ki, bu cür bayramlar təşkil olunmadan öncə onların cəmiyyətə, uşaqlara hansı mesajı ötürdüyünə diqqət etmək vacibdir: "Uşaqların gözünün qarşısında bu cür səhnələri canlandırmaq olmaz. Ümumiyyətlə şiddət, zorakılıq təbliğ edən səhnələrdən uşaqları uzaq tutmaq lazımdır. Çünki uşaq psixologiyası belə məqamlara qarşı çox həssas olur. Onların yaddaşında mənfi iz buraxır".
Bakı Şəhər İcra Hakimiyyəti yanında Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən isə məsələ ilə bağı fikir bildirmək istəmədilər.
Məlumat üçün bildirək ki, 31 oktyabr İngilis dilində "Hallowen", dilimizdə isə "Hellouin" adlanan balqabaqlar bayramıdır. Balqabaq "Hellouin"nin əsas atributlarından biri hesab olunur. İnsanlar məhz bu gün balqabaqların içini ovub, içərisinə şam qoyurlar. Onlar hazırladıqları bir-birindən maraqlı balqabaq fiqurları ilə bayramı qeyd edirlər.
Balqabaqlar bayramı xristian dünyasına məxsus bayram olduğundan müsəlmanlar bu haqda az məlumatlıdırlar. Sözügedən bayram müasir Böyük Britaniya və İrlandiya ərazisində yaşayan keltlərin adətləri əsasında formalaşıb. Əsasən ABŞ, Böyük Britaniya, İrlandiya, Rusiya, eyni zamanda, Asiya qitəsi və bir çox dünya ölkələrində təntənəli şəkildə qeyd olunur.
"Hellouin" bayramını digər bayramlardan fərqləndirən əsas əlaməti həmin gün insanların bir-birindən maraqlı, qeyri-adi qiyafələr geyinməklə bir yerə toplaşmasıdır. Bəziləri düşünür ki, həmin gün "o dünya" və bu dünya arasındakı darvazalar açılır. İnsanlar ölmüş yaxınları ilə birlikdə dünyaya gəlmək istəyən ziyanverici ruhları qorxutmaq üçün iyrənc makiyaj edir, qorxuducu qiyafələr geyinirlər. Keltlər inanırdılar ki, bu vaxt ölülər diri insanlar arasında gəzib-dolaşa, dirilər ölülərlə görüşə bilərdilər.