BAKI, 4 noyabr — Sputnik. Türkiyə Müdafiə Nazirliyi S-400 hava hücumundan müdafiə sistemlərinin "İncirlik" aviabazasına köçürülməsi ilə bağlı xəbərləri təkzib edib. Bu barədə RİA Novosti Anadolu Agentliyinə istinadla məlumat yayıb. Sözügedən agentlik xəbərin mənbəyi kimi Türkiyənin Müdafiə Nazirliyindəki səlahiyyətli şəxsə istinad edib.
Rusiya və Türkiyə S-400 zenit raket kompleksinin alay dəstinin tədarükü ilə bağlı 2017-ci ildə müqavilə bağlayıb. Müdafiə sistemləri 2019-cu ilin yayında Türkiyə tərəfinə təhvil verilib. S-400-lərin daşınması ilə bağlı əvvəllər də bir neçə türk media orqanı məlumat yayıb.
"Bu məlumatlar qətiyyən həqiqətə uyğun deyil", – deyə agentlik Müdafiə Nazirliyindəki mənbədən sitat gətirir.
Qeyd edək ki, Türkiyənin Adana vilayətindəki "İncirlik" aviabazasından ABŞ Hərbi Hava Qüvvələri istifadə edir. ABŞ silahlı qüvvələri, həmçinin Türkiyənin cənub-şərqindəki Malatya vilayətinin Kürəcik bölgəsindəki NATO-nun Avropada raketdən müdafiə sisteminin bir hissəsi hesab olunan raket hücumundan erkən xəbərdarlıq radar stansiyasını da idarə edir.
Xatırladaq ki, Vaşinqtonla Ankaranın arasında Rusiyadan S-400 raketdən müdafiə sistemlərinin alınması ilə əlaqədar olaraq fikir ayrılığı yarananda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sanksiyalara cavab olaraq Amerika hərbçilərinin həmin obyektlərə girişinin qadağan olunacağı barədə xəbərdarlıq etmişdi.