Babası 1918-ci ildə, atası 1942-ci ildə müharibədə həlak olub, oğlu isə 1994-cü ildə I Qarabağ Müharibəsində şəhid olub. Arif İsmayılov fəxrlə özünü şəhidin nəvəsi, oğlu və atası adlandırır.
O, vətənin müdafiəsi yolunda yaxınlarını itirməyin nə demək olduğunu çox yaxşı bilir. Odur ki, ordumuza mənəvi dəstək olmağı öz borcu sayır. Arif İsmayılov artıq 28 ildir ki, öz vəzifəsini icra edir.
"Mənə həmişə deyirlər: "Sən qoca adamsan, müharibədə nə edəcəksən?" Mən isə hesab edirəm ki, yaşından asılı olmayaraq, hər kəs əsgərlərə mənəvi dəstək olmalıdır. Bilsinlər ki, onların arxasında insanlar dayanır, xalq onları sevir və onlara inanır. Əsgərləri ruhlandırmaq, irəli aparmaq bizim əlimizdədir", - Arif İsmayılov müsahibəsində bildirib.