SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Boris Conson: Birləşmiş Krallıq Azərbaycanın etibarlı tərəfdaşıdır və bu, belə də qalacaq

Baş naziri deyib ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Azərbaycanın ən böyük investorudur, lakin əlaqələr bundan da uzağa gedir.
Sputnik
BAKI, 4 noyabr — Sputnik. Birləşmiş Krallıq Azərbaycanın etibarlı tərəfdaşıdır və bu, belə də qalacaq.
Bu fikirlər Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Consonun VIII Qlobal Bakı Forumuna müraciətində yer alıb. Sputnik Azərbaycan müraciətin tam mətnini təqdim edir.
"Hörmətli Prezident İlham Əliyev,
Sizə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin builki Qlobal Bakı Forumunun bütün iştirakçılarına ən xoş arzularımı çatdırmaqdan məmnunam. Ümid edirəm ki, builki tədbir əvvəlkilər qədər uğurlu olacaq.
Gələn il Birləşmiş Krallıq ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd ediləcək. Son 30 il ərzində əlaqələrimiz inkişaf edib və Birləşmiş Krallıq-Azərbaycan əməkdaşlığı hazırda yüksəliş dövrünü yaşayır.
Biz sizin ən böyük investorunuz olaraq qalırıq, lakin bizim əlaqələrimiz bundan da uzağa gedir.
Birləşmiş Krallıq Azərbaycanın beynəlxalq məsələlərdə artan rolunu, həmçinin kimyəvi silahların istifadə olunmasına qarşı mübarizədə və narkotik vasitələr qaçaqmalçılığının qarşısının alınmasında dəstəyini, Qoşulmama Hərəkatında sədrliyini və son təxliyələr zamanı Kabil Hava Limanının təhlükəsizliyinin təmin olunmasında öz qoşunlarının göstərdiyi köməyi alqışlayır.
Birlikdə üzləşdiyimiz ən böyük beynəlxalq çağırış iqlim dəyişikliyidir. Bu Forum qlobal istiləşməni məhdudlaşdırmaq kimi ümumi məqsədimizə çatmaq üçün mühüm imkan yaradan COP26 ilə eyni vaxtda keçirilir. Ümid edirəm ki, COP26 davam etdiyi bir vaxtda Azərbaycan çox uğurlu nəticələr əldə etmək istiqamətində öz rolunu oynayacaq. Mən Sizin "yaşıl enerjiyə" verdiyiniz xüsusi dəyəri və Azərbaycanda bərpa olunan enerjinin rolunun artırılması planlarınızı alqışlayıram. Sizin son 27 il ərzində strateji tərəfdaşınız olan BP Azərbaycanda bu keçidi daha çox dəstəkləmək istəyir.
Birləşmiş Krallıq Qafqaz regionunda sülh və sabitliyi, eləcə də postmünaqişə problemlərinin həllini dəstəkləməyə davam edir. Mən minalar və partlamamış silah-sursatlardan həlak olanlar və yaralananlar barədə xəbərlərdən dəhşətə gəlirəm. Biz Birləşmiş Krallıqda - həm hökumət, həm də Britaniya şirkətləri olaraq – bu problemlərin həlli üçün Azərbaycanın milli minatəmizləmə proqramına və BMT İnkişaf Proqramının mina təmizləmə fəaliyyətinə dəstək göstərməklə mina riskləri barədə məlumatlandırmaya və dünya səviyyəli təcrübəmizi təklif edərək töhfə veririk.
Birləşmiş Krallıq bütün region dövlətlərini, ilk növbədə, Piyada əleyhinə Mina Qadağası Konvensiyası olmaqla, müvafiq sazişlər imzalamaq istiqamətində də addımlar atmağa çağırır.
Mən, həmçinin bütün ölkələri Qadınlar, sülh və təhlükəsizlik üzrə Milli Fəaliyyət planının qəbul olunması ilə qadınların sülh quruculuğunda xüsusi rolunun formalaşdırılmasına təşviq edirəm. Fürsətdən istifadə edərək Azərbaycan cəmiyyətində xüsusi rol oynayan qadınlara British Council Məzunları Mükafatının qaliblərinə, Azərbaycanda qadınların rolunu dəstəkləyən və ölkələrimizin, bütün vətəndaşlarımızın mənafeyi üçün səmərəli şəkildə birgə işləməsinə təkan verən Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri Vendi Mortonun fəaliyyətinə hörmətimi bildirirəm.
Birləşmiş Krallıq Azərbaycanın etibarlı tərəfdaşıdır və bu, belə də qalacaq. Gələcək illərdə tərəfdaşlığımızın davamlı inkişafına ümid edirəm".