BAKI, 4 noyabr — Sputnik. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Sarısu Ovçuluq Təsərrüfatında qanunsuz ov edən şəxslər saxlanılıblar.
Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, bunu Xidmət rəisi Hikmət Əlizadə bildirib.
Onun sözlərinə görə, təqsirkarların 99-SA-024 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildə qanunsuz ov alətləri aşkar edilib:
"Araşdırma zamanı qanunsuz ov edənlərin Səudiyyə Ərəbistanı vətəndaşları Aldarviş Omar, Alqadhan Mohammed, Alavjan Saad və Azərbaycan vətəndaşı Adil Zülfüqarov olduğu müəyyən edilib. Faktla bağlı akt, protokol tərtib edilərək təqsirkarlar ümumilikdə 7000 manat məbləğində cərimə olunub".
Xidmət rəisi xarici ölkə vətəndaşları barəsində qanunamüvafiq tədbir görülməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə məktub hazırlandığını bildirib.
Qeyd edək ki, Azərbaycanda dəfələrlə ərəb turistlərin qanunsuz ov etməsi barədə faktlar aşkarlanıb. Onlar bundan əvvəl “Qax Dövlət Təbiət Yasaqlığının ərazisində, Acınohur çölündə böyük bir düşərgə quraraq nadir quş və heyvanları ovladıqları üçün ictimai qınağa səbəb olmuşdular. Nəticədə canlarını cərimə ödəməklə qurtardılar.
Ondan əvvəl isə ərəb turistlər Salyan, Hacıqabul, Neftçala, Masallı rayonları ərazisində qanunsuz ovla məşğul olarkən saxlanılıblar.
Həmçinin oxuyun: