AZƏRBAYCAN XƏBƏRLƏRİ

ABŞ-ın Azərbaycandakı səfiri Ermənistana səfər edib

Səfirlik: Biz regionda daha təhlükəsiz, sabit və firavan gələcəyin qurulması naminə tərəfdaşlığımıza sadiq olduğumuzu yenidən vurğulayırıq.
Sputnik
BAKI, 4 noyabr — Sputnik. ABŞ-ın Ermənistandakı səfiri Lin M.Treysi, ABŞ-ın Gürcüstandakı səfiri Kelli C.Dengan, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer, Dövlət katibinin müavini Erika Olson, ATƏT-in Minsk Qrupunda ABŞ tərəfdən həmsədr Andrü Şofer və USAİD təşkilatının administratorunun köməkçisinin müavini Aleksadr Sokolovski, ABŞ-ın Yerevandakı səfirliyinin ev sahibliyi etdiyi Regional Missiyalarının Rəhbərlərinin görüşündə iştirak ediblər.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

"COVID-19 pandemiyası səbəbindən biz keçən il bu tədbiri həyata keçirə bilməmişdik və bu il ənənəvi olan görüşü keçirməkdən və həm bölgədə çalışan, həm də Vaşinqtondan gələn həmkarlarımız arasında fikir mübadiləsini təşkil etməkdən məmnunuq. Pandemiyadan öncə ABŞ-ın Bakıdakı və Tiflisdəki səfirlikləri müvafiq olaraq 2018-ci və 2019-cu illərdə bu görüşlərə ev sahibliyi ediblər. Biz Ermənistan, Azərbaycan və Gürcüstanla yaratdığımız diplomatik münasibətlərin 30–cu ildönümünə yaxın olan zamanda regionda daha təhlükəsiz, sabit və firavan gələcəyin qurulması naminə tərəfdaşlığımıza sadiq olduğumuzu yenidən vurğulayırıq", - Səfirliyin məlumatında qeyd olunub.