BAKI, 3 noyabr — Sputnik. Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər Prezident İlham Əliyevin bu sahədə olan tapşırıqlarının icrası ilə bağlıdır. Bunlardan birincisi kölgə iqtisadiyyatı ilə mübarizədir. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 3-də keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.
O bildirib ki, Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsində sosial xarakterli güzəştlər və vergi güzəştlərinin tətbiq edilməsi nəzərdə tutulur.
Əlavə olaraq bir blokda sahibkarlığın inzibatçılıq yükünün azaldılması ilə bağlı dəyişikliklər təklif olunur.
Təklif olunan dəyişikliklər nəticəsində büdcə gəlirlərində təxminən 65 milyon manat artım gözlənilir. Hətta artımın bu rəqəmdən çox olacağı proqnozlaşdırılır.