İQTİSADİYYAT

Bu avtomobillər ƏDV-dən azad edilə bilər

Təkliflər qəbul edilərsə, həm hibrid, həm də elektromobillərin qiyməti ucuzlaşa bilər.
Sputnik
BAKI, 3 noyabr — Sputnik. Ölkəmizə idxal edilən hibrid avtomobillər əlavə dəyər vergisindən azad oluna bilər. Sputnik Azərbaycan-ın məlumatına görə bu məsələ Vergilər Məcəlləsinə təklif edilən dəyşikliklərdə öz əksini tapıb.
Təkliflər qəbul olunarsa, hibrid avtomobilər növbəti il yanvarın 1-dən etibarən 3 il müddətinə əlavə dəyər vergisindən azad ediləcək. Mühərriki 2500 kubsantimetrdən yüksək olan bu kateqoriya avtomobillərə isə hər hansı bir güzəştin tətbiq ediləcəyi gözlənilmir.
Elektromobillər həm idxal, həm də daxili bazarda satış zamanı vergiyə cəlb edilməyəcək.
İqtisadçı-ekspert Rəşad Həsənov bildirir ki, təkliflər qəbul edilərsə, həm hibrid, həm də elektromobillərin qiyməti ucuzlaşa bilər.
Elektromobil və hibridlərdən fərqli olaraq, istehsal tarixi 7 ildən çox olan, benzin və dizellə işləyən, mühərriki 2000 kubsantimetrə qədər olan avtomobillərin ölkəyə idxalı zamanı tətbiq edilən aksiz vergisinin məbləği artırılır.
Mühərrikinin həcmi 3-4 min kubsantimetr aralığında olan, istehsal tarixi 3 ildən çox olmayan avtomobillərin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə aksiz dərəcəsi 13 manatdan 15 manata qaldırılır. Mühərriki 4-5 min kubsantimetr aralığında olanların isə hər kubsantimetrə görə aksiz dərəcəsi 35 manatdan 40 manata, 5 mindən yuxarı olanların isə 70 manatdan 80 manata artırılır.
Ekspertin fikrincə, dəyişikliklər təsdiq edilsə, 2022-ci ildən etibarən avtomobillər 10 faiz bahalaşa bilər.
Həmçinin oxuyun:
Ekspert: hibrid və elektromobillərə görə rüsum ləğv olunsa, avtomobil parkı yenilənər