BAKI, 3 noyabr — Sputnik. Azərbaycana gətirilən hibrid avtomobillərə görə, habelə elektrik mühərriki ilə işləyən avtomobillər üçün elektrik enerjisi doldurucularına görə ƏDV-nin ləğv edilməsi barədə xəbərlər gəlməkdədir.
Vergi Məcəlləsinə ediləcək dəyişikliklərin layihəsi hələlik dərc edilmədiyindən detallar tam açıqlığı ilə məlum deyil.
Məlumata görə, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin Azərbaycana idxalı və satışı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad ediləcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, hüquqşünas, yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, belə güzəştlərin edilməsi gözlənilən idi: "Bu, həm 2018-ci ilin dekabrında qəbul edilən "Yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramı"ndan irəli gələn tələbdir, həm də son dövrlərdə yaranmış zərurətdir. Düzdür, hələlik gələn xəbərlərdə güzəştlərin məhdudluğu qeyd olunur. Güzəştlərin istehsal tarixi 3 ildən və mühərrikinin iş həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərə növbəti 3 il müddətində aid olduğu deyilir. Yeni hibridlər kifayət qədər baha olduğundan bu güzəştdən sonra hibridlərə münasibətdə ajiotaj gözlənilməsə də, hər bir halda onlara maraq artacaq. Elektrik mühərriki ilə işləyən avtomobillər üçün elektrik enerjisi doldurucularına görə ƏDV-nin ləğv edilməsi isə bu tipli avtomobillər üçün infrastruktur yaradılmasına təkan verməklə onlara marağı artıracaq".
Ekspertin sözlərinə görə, bütün bunlar avtomobil nəqliyyatı parkımızın ekoloji zərərini tədricən azaldacaq.
"Avtomobillərin yenilənməsi yollarda təhlükəsizliyi də tədricən artıracaq. Düşünürəm ki, bu istiqamətdə görüləcək xeyli sayda başqa işlər də var. Bunları qeyd etmək istərdim:
1. Elektrikli avtomobillərə və hibridlərə keçidi stimullaşdıran digər tədbirlər də görülməlidir (məsələn, hibridlər üçün aksiz vergisinin də ləğvi, elektromobillər üçün gömrük rüsumunun ləğvi və s.);
2. Elektrikli avtomobilləri və hibridləri populyarlaşdırmaqla bərabər köhnə avtomobillərin utilizasiyasına da ləngimədən başlanılmalıdır. Utilizasiya proqramı nəhayət ki, qəbul edilməli, yeni və müasir avtomobillərə marağı artırmaqla bərabər, köhnə və yararsız avtomobillər tədricən istifadədən çıxarılmalıdır;
3. Ölkəmizdə, xüsusən də paytaxtda və digər böyük şəhərlərdə əhalinin mobilliyinin müasir, ekoloji baxımdan daha təhlükəsiz, rahat və əlverişli üsullarının genişlənməsi istiqamətində ciddi işlər görülməlidir. Nəhayət ki, velosipedi real nəqliyyata çevirmək üçün işlərə başlamalıyıq. Piyadalar üçün əlverişli hərəkət mühitini korlayan problemləri aradan qaldırmalıyıq, cəngəlliksayağı şəhərsalma və məskunlaşmanı dayandırmalıyıq və s. Bunları etməsək, bu gün tıxacda dayanan daxili yanma mühərrikli avtomobilləri sabah daha pis və dözülməz tıxacda elektromobillər əvəzləyəcək;
4. İctimai nəqliyyata çox ciddi diqqət yetirilməlidir. Ölkəmizdə aşkar avtobus çatışmazlığı var, tramvay kimi nəqliyyat ləğv edilib və s. Nəqliyyatla bağlı istənilən problemin (tıxacların, ekoloji çirklənmənin və s.) həlli ictimai nəqliyyatın inkişafından keçir. Ona görə də yaxşı olar ki, dizel mühərrikli avtobuslar üçün 3 il əvvəl tətbiq edilən aksiz vergisi ləğv edilsin ki, Bakının, Gəncənin, Yevlaxın və s. avtobus parkı həm yenilənsin, həm də marşrutlar artırılsın. Məsələ burasındadır ki, çox zəif durumda olan daşıyıcılar dünyada ən bahalı avtobuslar olan elektrobusları və CNG ilə işləyən avtobusları ala bilməyəcəklər. Bu boyda ölkənin avtobus parkını dövlətə yük etmək də çox ciddi səhv olar. İctimai nəqliyyatın çeşidi, şəbəkəsi artırılmalı, avtobus parkı yenilənməli, sürücü kontingenti peşəkarlaşmalı, bir sözlə, komfort və əlçatanlıq hərtərəfli artırılmalıdır. Elə edilməlidir ki, orta statistik sakin avtobusla, tramvayla (əgər olsa), metro ilə səyahəti üstün tutsun, ictimai nəqliyyata etibar və etimad etsin".
Qeyd edək ki, iri mühərrikli nəqliyyat vasitələrinə görə aksiz vergisinin məbləğinin artırılması təklif edilir. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik olunur. Bununla yanaşı, 7 ildən artıq istehsal tarixi olan və idxal edilən nəqliyyat vasitələrinin aksiz vergisinə əlavə əmsal tətbiq olunacaq. Layihəyə əsasən, yeni hibrid mühərrikli nəqliyyat vasitələri idxalda ƏDV-dən azad olunacaq. Elektromobillər isə həm idxalda, həm də daxili bazarda satışda ƏDV-yə cəlb edilməyəcək. 164.1.41-ci maddəyə əsasən istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad ediləcək.