BAKI, 2 noyabr — Sputnik. İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, noyabrın 11-də baş tutacaq görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edəcək.
Qeyd edək ki, bu il sentyabrın 9-da Xarici işlər naziri Ceyhun Bayramov Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdi.
Tərəflər Türk Şurasının gündəliyində duran geniş spektrli məsələlər, qarşıdan gələn tədbirlər, xüsusilə də cari ildə İstanbulda keçiriləcək Zirvə görüşünə hazırlıq məsələlərini ətraflı müzakirə ediblər.
Noyabrın 1-də isə Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclası keçirilib.
Yüksək səviyyəli iclasa Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğız respublikalarının Baş prokurorları, Türk Şurasının Baş katibinin müavini, Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti və digər nümayəndələri qatılıblar. Tədbirdə, həmçinin iştirakçı dövlətlərin və Macarıstanın ölkəmizdəki səfirləri iştirak ediblər.
İclasda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin Baş Prokurorları Şurasının Əsasnaməsi də imzalanıb.
Həmçinin oxuyun: