SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Gürcüstanlı nazir azərbaycandilli məktəblərin bağlanma səbəblərindən danışdı

2021-2022-ci tədris ilində fəaliyyət göstərən azərbaycandilli və Azərbaycan bölməsinin olduğu təhsil ocaqlarının sayı 116 təşkil edir.
Sputnik
BAKI, 2 noyabr — Sputnik. Gürcüstanda azərbaycandilli məktəblərin sayının azalmasının bir neçə səbəbi ola bilər. Bu səbəblərə ölkəni tərk etmə, yaşayış yerinin kənddən şəhərə dəyişdirilməsi və uşaqların gürcüdilli məktəblərə verilməsi daxildir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu "Report"un yerli bürosuna müsahibəsində Gürcüstanın Təhsil və Elm Nazirliyinin nümayəndəsi, etnik azlıqların dilləri üzrə ekspert Despine Koiava deyib.
Onun sözlərinə görə, bəzi azərbaycandilli məktəblərdə uşaqların ümidləri doğrulur və onlar gürcü dilini öyrənirlər. Lakin əksər hallarda pozitiv dinamika olmur və nəticədə məktəblilər gürcü dilini mənimsəyə bilmirlər.
"Buna görə də məqsədimiz artıq bağçadan uşaqların ana dilini saxlamaq və onlara paralel olaraq dövlət dilini öyrətməkdən ibarətdir. Yəni, uşaqlar bağçadan bilinqual (ikidilli – red.) təhsilə cəlb olunacaqlar və bu, gələcəkdə onların vətəndaş cəmiyyətinə inteqrasiyası üçün daha böyük imkanlar verəcək. Qeyd etmək istəyirəm ki, bilinquallar monolinquallarla müqayisədə bacarıqlarını daha çox inkişaf etdirə bilirlər", - Koiava deyib .
Mütəxəssis milli azlıq nümayəndələrinin ali məktəblərə qəbul olması üçün tətbiq edilən "1+4" proqramını da dəyərləndirib. O, proqramı uğurlu adlandırıb: "Vaxtilə bu proqram gürcü dilinin öyrədilməsi məqsədilə keçid dövrü üçün yaradılmışdı. Bu, orta məktəblərin bütün siniflərində bilinqual təhsilin tətbiqindən sonra tədricən aradan götürüləcək. Gələcəkdə 12-ci sinfi bitirəcək şagirdlərin gürcü dilini öyrənməsi üçün universitetlərdə aralıq təhsilə ehtiyac olmayacaq. Belə ki, onlar dövlət dilini tam biləcəklər".
Qeyd edək ki, son iki ildə qonşu ölkədə tədrisi Azərbaycan dilində olan 4 məktəb bağlanıb. 2021-2022-ci tədris ilində fəaliyyət göstərən azərbaycandilli və Azərbaycan bölməsinin olduğu təhsil ocaqlarının sayı 116 təşkil edir.
Xatırladaq ki, Gürcüstanda "1+4" proqramının tətbiqinə 2010-cu ildən başlanılıb. Proqrama əsasən, abituriyentlər Azərbaycan, erməni və osetin dillərində ümumi biliklərdən test imtahanı verirlər. Ali məktəbə qəbul olmuş tələbələr bir il ərzində gürcü dilini öyrənirlər və daha sonra istədikləri ixtisas üzrə bakalavr pilləsində təhsil almaq imkanı əldə edirlər.