BAKI, 2 noyabr — Sputnik. Ermənistan və Gürcüstanın müdafiə nazirləri Arşak Karapetyan və Cuanşer Burçuladze çərşənbə axşamı Yerevanda Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti, həmçinin beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
"Ermənistanın müdafiə naziri qonağı salamlayaraq Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı məlumat verib. Müzakirələr zamanı hər iki tərəf regionda tamhüquqlu sülhün və davamlı inkişafın bərqərar olmasının vacibliyini vurğulayıb.
Görüşdə həmçinin beynəlxalq və regional məsələlərə də toxunulub. Regional təhlükəsizlik, eləcə də iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıqla bağlı məsələlər də müzakirə mövzusu olub”, - press-relizdə qeyd olunur.
C.Burçuladze Ermənistana səfəri çərçivəsində bu ölkənin Baş naziri Nikol Paşinyanla da görüşüb.