DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ prezidenti Avropada: Rusiyanı necə peşman edəcəklər?

ABŞ 2015-ci ildə bu müqaviləyə girdi, 2020-ci ildə çıxdı, 2021-ci ildə yenidən daxil oldu. Vinni Pux demişkən, "Çox qəşəng girir, çox da qəşəng çıxır".
Sputnik
BAKI, 2 noyabr — Sputnik. "Mən Cillin əriyəm" – Amerika prezidenti Vatikan kilsəsinin yüksək səviyyəli nümayəndələri ilə görüşdə özünü belə təqdim edib. Və bu zarafat "əbədi şəhər"də keçirilən Co Baydenin Avropa liderləri ilə görüşlərindən tutmuş ikigünlük G20 sammitinə qədər bütün tədbirləri bir qədər absurd əhval-ruhiyyəyə kökləyib.
Hər şey prezident kortecinin "əbədi şəhərin" küçələrindəki sürrealist keçidindən başladı. O, "yeni normal həyat"ın emblemi təsiri bağışlayırdı. Romanın həmişə qələbəlik olan küçələri bir anda boşaldı, elə bil bomba ilə bağlı həyəcan siqnalı verilmişdi. Səkilərin kənarına saysız-hesabsız güc strukturlarının işçiləri düzülmüşdü. Zirehli maşınlardan ibarət karvan yolla yavaş-yavaş irəliləyirdi: ABŞ prezidenti və onun məiyyəti 82 maşınla Roma Papası ilə görüşmək üçün Vatikana gedirdi. Bəs atmosferə atılan karbon tullantıları necə olsun? Görünür, bu cür tullantıları yalnız plebeylər tullayır.
Uzun illərdir bizə izah edirlər ki, dünyanı bazarın görünməz əli idarə edir. Ancaq Amerika prezidentinin son üç gündəki fəaliyyəti o həddə çatdı ki, elə bil, bütünlüklə Qərb dünyası məhz onun əli ilə idarə olunur.
Vatikanda Bayden yalnız papa Fransisklə görüşmədi, həm də ondan möhkəm incimiş Fransa prezidenti ilə arasını düzəltdi. Emmanuel Makron ona hirslənməkdə haqlı idi. Əvvəl Əfqanıstan rüsvayçılığı – Bayden qoşunlarını bu ölkədən çıxaran vaxt nəzakət xatirinə də olsa, NATO-nun avropalı müttəfiqləri ilə məsləhətləşmədi.
Sonra daha bir zərbə gəldi: ABŞ yeni hərbi ittifaq olan AUKUS-a Avstraliyanı dəvət etdi və nəticədə çoxmilyardlıq fransız sualtı qayıqları ilə bağlı müqavilə ləğv olundu. Eyni zamanda, fransızları başa saldılar ki, bundan sonra onların əvvəllər söz sahibi olduqları Hind-Çində amerikalılar, ingilislər və avstraliyalılar at oynadacaq. Həmin vaxt Makron necə əsəbləşmişdisə, tarixdə ilk dəfə Fransa səfirini Vaşinqtondan geri çağırmışdı.
Bununla belə, Vatikandakı Fransa səfirliyində baş tutan görüşdən sonra prezidentlər münaqişənin başa çatdığına eyham vurdular. Bayden heç nəyə görə məsuliyyət daşımayan, harada olduğunu bilməyən xərifləmiş qoca rolunun öhdəsindən uğurla gəldi. "Mənim bundan xəbərim yox idi, Fransanın bu barədə (AUKUS-un yaradılması məsələsi) məlumatlandırılmadığını bilmirdim…", – deyə reportyorun sualını cavablandırdığı vaxt mızıldandı. Beləliklə, Makrondan üzr istəyən olmadı. Mətbuat-konfransının videoyazısında onun necə əsəb keçirdiyini, özünü güclə saxladığını görmək olardı.
ABŞ prezidenti Avropanın enerji təchizatı kimi çətin məsələni də əlüstü həll etməyə cəhd göstərdi. Kansler Merkelə "Ukraynanı dəstəkləmək" əmrini verdi. Məsələ burasındadır ki, təbii qaz xətti olmadan bu ölkə qulpsuz çamadana dönüb. Amerikalılar və avropalılar onunla nə edəcəyini bilmədən bir-birinə ötürürlər.
Sentyabr ayında Almaniya və ABŞ bir növ sövdələşmə bağladılar. Merkel (ya da onu kansler vəzifəsində əvəz edən şəxs) ona nail olmağa çalışırdı ki, Rusiya Ukraynanı 2034-cü ilə kimi, yəni bundan sonrakı 13 il ərzində qazla təmin etsin. Bunun əvəzində isə amerikalılar almanlara "Şimal axını – 2"-dən qaz almağa icazə verəcəklər. Və bütün bunları vaxtilə "azad bazar" kimi beynimizə yeritməyə çalışırdılar. Bir vaxtlar Dünya Ticarət Təşkilatına üzv olamağa necə can atdığımız yadınızdadır? Qlobal iqtisadiyyata inteqrasiya etməyə imkan verəcək sadə və şəffaf qaydalar sisteminə necə ümid edirdik! Amma bu təşkilata qoşulan kimi ayrı-seçkilik, proteksionizm və inzibati resurslardan sui-istifadə ilə üz-üzə qaldıq.
Bu, Aİ-nin "Üçüncü Enerji Paketi"nin bütün bazar normalarını pozur. Sanksiyaların nəyə görə tətbiq edildiyi bəlli deyil. Onların səbəbi kiminsə yadındadır? Amma indi, bir düşünün, bizim çəkdiyimiz qaz kəməri ilə ticarətə başlaya bilməmiz üçün Ukraynanın maraqlarını nəzərə almalıyıq. Yoxsa, amerikalılarla almanlar kəmərin işləməsinə icazə verməyəcəklər. Budur yüksək səviyyəli münasibət?
ABŞ prezidentinin Romada Qərb liderləri ilə görüşü Amerikanın xarici siyasətinin əsas problemini ortaya qoydu. ABŞ başqa ölkələrə müxtəlif müqavilələr, razılaşmalar, konvensiyalar tətbiq edir. Və sonra inanılmaz rahatlıqla bütün bu razılaşmalardan çıxıraq əlüstü "məsələləri həll etməyə" çalışır.
Son illərdə ABŞ-ın danışıqlara əməl etməməsindən bu ölkənin hətta ən yaxın və etibarlı müttəfiqləri də əziyyət çəkir. 2015-ci ildə Vaşinqton İranın nüvə proqramına dair razılaşmanı dəstəklədi, 2018-ci ildə ondan çıxdı və indi yenidən danışıqlar masasına oturmaq istədiyini bildirir. Paris iqlim sazişi ilə bağlı da vəziyyət eynidir. 2015-ci ildə ABŞ bu sazişə daxil oldu, 2020-ci ildə çıxdı, 2021-ci ildə yenidən daxil oldu. Vinni Pux demişkən, "Çox qəşəng girir, çox da qəşəng çıxır".
Bu tip beynəlxalq müqavilələrdə iştirak edən ölkələr öz öhdəliklərini vicdanla yerinə yetirirlər. Məsələn, sənaye müəssisələrinin sayını azaldır, korbon tullantılarının həcmini məhdudlaşdırılar. Yeri gəlmişkən, Hazırda Rusiya bu baxımdan dünya çempionu sayıla bilər. Bütün dünyada CO2-nin ən iri istehsalçısı olan ABŞ isə yalnız qlobal istiləşmənin dəhşətlərindən dəm vurmaqla, bəşəriyyəti qorxuya salmaqla məşğuldur. Hər hansı bir enerji yanaşmasını həyata keçrimək barədə isə fikirləşmir.
Qoy avropalı müttəfiqlər öz evlərində donsunlar, benzin növbəsində dursunlar, tamamilə real ölüm təhlükəsi ilə üz-üzə qalsınlar, bundan ona nə? Amerikalılar heç nə olmamış kimi neft, qaz çıxarır, qaz vurub qazan doldururlar. Vaşinqton başqasının əli ilə qlobal istiləşməyə qarşı yaxşıca mübarizə aparır. ABŞ heç bir karbon vergisi tətbiq etmir: avropalıları buna məcbur etmək daha sərfəlidir.
Vassallar mızıldanmağa cəsarət edərlərsə, birbaşa təhdidlərə əl atır. Baydenin Avropaya səfəri ərəfəsində "Financial Times" bəzi anonim Avropa mənbələrinin fikrinə yer verib: Aİ ölkələri ABŞ-dan heç bir şəkildə ilk nüvə zərbəsi konsepsiyasından imtina etməməsini xahiş edir. Avropalılar deyirlər ki, Amerikanın nüvə çətiri olmadan yaşaya bilməzlər. Bu çətir onları kimdən qoruyacaq? Əlbəttə ki, Rusiya və Çindən.
Rusiya Prezident Vladimir Putin və Çin lideri Si Szinpinin G20 zirvəsi və Qlazqoda keçirilən iqlim sammitinə getməməklə bağlı qərarında, əlbəttə ki, koronavirus pandemiyasının rolu var. Bununla belə, Qərb tərəfdaşlarının danışıqlar aparmağa qadir olmamaları bu məsələdə daha böyük əhəmiyyət daşıyır.
Yaxşı, deyək ki, biz yeni sazişlər imzaladıq və onları vicdanla həyata keçirməyə başladıq, bir də görəcəyik ki, Avropanın aparıcı dövlətləri artıq bu qatardan düşüblər, Vaşinqton isə heç vaxt həmin qatara minməyib. Və nədənsə belə çıxır ki, bütün müqavilələrdən əsas faydalanan amerikalılar olacaq, onlar avropalılara da nəsə ötürücəklər, Rusiyanı isə həmişə olduğu kimi peşmançılıq hiss keçirməyə vadar edəcəklər.
"Böyük iyirmilik" sammiti başa çatan kimi Qlazqoda iqlim sammiti start götürdü. Bayden özü ilə ora Amerikanın qlobal istiləşmə ilə mübarizədə yeni siyasətini də aparıb. Bu siyasət nüfuzlu "Foreign Affairs" jurnalında geniş şəkildə öz əksini tapıb. Mahiyyəti də ondan ibarətdir ki, artıq suveren dövlətlərə ehtiyac yoxdur, çünki onlar təkbaşına "iqlim fəlakətlərinin" öhdəsindən gələ bilmirlər. Buna görə də dünya hökuməti qurmaq lazımdır. Həmin hökuməti amerikalılar idarə edəcək, bununla belə, avropalı müttəfiqlərə, xüsusilə, Böyük Britaniyaya da bəzi vəzifələr veriləcək. Amerikalıların ən böyük kəşfi isə ondan ibarətdir ki, "ayrı-ayrı dövlətlərin resursları onların milli sərvəti deyil, bütün dünyaya məxsusdur".
Amerikanın yeni iqlim siyasətinin möhtəşəmliyi nədədir? Bu siyasət ətraf mühitə dair müxtəlif beynəlxalq müqavilələr imzalamış bütün dövlətlərə şamil olunur. Elə Bioloji Müxtəlifliyin Qorunması haqqında Konvensiyanı götürək. 1992-ci ildə qəbul edilib, bu sənədi imzalayanlar arasında bir çox ölkələr var - Burkina Fasodan tutmuş Çinə kimi, Rusiyadan Kuk adalarına qədər. Onda hələ bioloji müxtəlifliyin nə demək olduğunu tam dərk etmirdilər, elə bilirdilər ki, bu delfinlər və kəpənəklər haqqında nəsə sevimli bir şeydir.
Təxmin etmək çətin deyil ki, ABŞ bir çox digər ekoloji müqavilələr kimi, bu konvensiyanı imzalamağı da ağlına belə gətirmirdi. Doğrudan da, qeyri-adi ölkədir! Öz delfinlərinin və kəpənəklərinin qeydinə özü qalır! Hələ üstəlik, başqalarınınkına da göz-qulaq olur.
Əslində, bütün iqlim gündəmi amerikalıların öz avropalı vassallarını Rusiya və Çinin qarətində iştiraka dəvət etməkdən başqa bir şey deyil. Bu, bir növ enerji keçidi üçün kompensasiya rolunu oynayacaq. Çindən də, Rusiyadan da rüsumlar alınacaq. Üstəlik, bizim resurslarımız var, amma amerikalıların iddia etdikləri kimi, onlar artıq bizim deyil. Özü də təbii sərvətlərimiz o qədər çoxdur ki, onlara görə bizi əsl müharibə ilə hədələyirlər.
Təbii ki, nə ABŞ-ın, nə də Avropanın əlində bu siyasəti həyata keçirmək üçün heç bir rıçaq yoxdur. Putin və Si Szinpinin Roma və Qlazqoda olmaması kifayət qədər rezonans doğurub. Onlarsız bu naqqalxananın heç bir perspektivi yoxdur.
"Cillin əri"nə bəlkə də elə gələ bilər ki, o bütün dünyanı idarə eləyir. Bəlkə, o bütün kainatı belə idarə etdiyini düşünə bilər. Amma sammit başa çatandan və Bayden çıxıb gedəndən sonra avropalılar yenidən real dünyaya qayıtmalı olacaqlar. Həmin dünyada isə Rusiya və Çinlə vicdanlı və qarşılıqlı faydaya əsaslanan münasibətləri bərpa etmək, Vaşinqtonun qışqırtılarına məhəl qoymamaq lazım gələcək. Bu, əlbəttə ki, asan iş deyil, amma alışmalı olacaqlar...