BAKI, 2 noyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin hesab edir ki, süni intellekt də daxil olmaqla pilotsuz hərbi aviasiyanın inkişafı zamanı perspektivli texnologiyaları tətbiq etmək lazımdır.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin ölkənin müdafiə sənayesi üzrə keçirdiyi müşavirədə bildirib.
"Onlar (PUA) üzərində yenə işləmək lazımdır. Son zamanlar olduğu kimi gərgin işləmək lazımdır. Süni intellekt, ən müasir texnikaların tətbiqini nəzərdə tuturam", - Putin deyib.
O, həmçinin PUA-ların istifadəsi zamanı əldə olunan təcrübəni, o cümlədən analitik məlumatları istifadə etməyə çağırıb.
Putin qeyd edib ki, hazırda Rusiya Silahlı Qüvvələrinin silahlanmasında 2 mindən çox PUA var.
Prezidentin sözlərinə görə, Rusiya son illərin münaqişələrində özünü təsirli və təhlükəli silah kimi göstərən pilotsuz uçuş aparatlarının (PUA) hücumlarını effektiv şəkildə dəf etməyi öyrənib.
“Bu gün biz pilotsuz təyyarələrin inkişafı haqqında danışacağıq. Onun son illərdə silahlı münaqişələrdə özünü necə sübut etdiyini, nə qədər effektli olduğunu, bizim üçün nə qədər təhlükəli ola biləcəyini yaxşı bilirik. Suriyada müşahidə etdiklərimizi nəzərdə tuturam, terrorçuların pilotsuz uçuş aparatlarından istifadə etməklə hücumlar təşkil etdiyini... Biz bu hücumları dəf etməyi öyrənmişik və bunu kifayət qədər effektli edirik”, - Rusiya Prezidenti vurğulayıb.