DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Yaşıl iqtisadiyyat - böhranın və siyasətçilərin kütlüyünün simvolu kimi

Parisdə keçirilən iqlim konfransından beş il sonra elə eyni iştirakçılar artıq işə yaramadığı sübuta yetirilmiş tezisləri təkrarlamaq üçün Qlazqoya toplaşır. Jurnalist Yelena Karayevanın icmalı.
Sputnik
BAKI, 1 noyabr — Sputnik. Qlazqoda BMT-nin iqlim dəyişiklikləri konfransının açılışı ərəfəsində "buna necə cəsarət edirsiniz!" deyən Qreta Tunberqi canlandıraraq "dənizlər şəhərləri yuyub aparacaq", "benzin yandırmağa davam etsək, planeti his qatı bürüyəcək" şüarları altında kütləvi mətbuat kampaniyası təşkil olundu.
Kitabları da yaddan çıxartmadılar: sən demə, nəşriyyat işi (müəlliflərin seçimi və redaktə prosesi deyil, məhz sənaye sektoru kimi tipoqrafiya) də təbiətə ziyan vururmuş. Ağaclar yox olur, boyaq maddələri zəhərlidir, daşınmalar CO2 tullantılarının artmasına təsir göstərir. Nə etməli?
BMT məmurları insanları həmrəyliyə və hüquq bərabərliyinə, eləcə də qarşılıqlı yardıma səsləyir.
Buna kim etiraz edir ki?
Mövcud vəziyyətdən birbaşa faydalanan ən böyük transmilli korporasiyalar ovuclarını bir-birinə sürtür: bir tərəfdən enerji resurslarının qıtlığı ilə oynayır, öz məhsullarının qiymətini az qala, kəlləçarxa çıxarırlar. Digər tərədən, pandemiyadan sonra iqtisadiyyatın bərpası fondunun əsas alıcıları məhz onlardır (ən azından Avropa İttifaqında) və bu fondun vəsaitlərinin yarısı (350 milyard avrodan çox) "yaşıl iqtisadiyyata keçidə" sərf olunacaq.
Bunun isə heç bir nəticəsi olmayacaq. Çünki bərpa olunan enerji mənbələrinə (küləyin gücü və günəş istiliyi) keçid ancaq kağız üstündə rahat başa gəlir. Yəni, necə deyərlər, yağmadı yağış, bitmədi qamış, bəs onda necə? Avropalı bürokratlar bəzi məqamları diqqətdən qaçırıblar: elə həmin küləyin gücünə də, bir ildəki günəşli günlərin sayında da təbiət ana özü hökm verir.
Məsələn, bu yay o avropalılara hər ikisini minimum miqdarda göndərib. ABŞ-ın Avropaya vəd etdiyi sıxlaşdırılmış qazla dolu tankerlər isə bazar qanunlarına uyğun olaraq istiqamətini başqa qitəyə, Asiyaya tərəf çevirib.
İqlim konfransının keçiriləcəyi Şotlandiyanın da bir hissəsi olduğu Birləşmiş Krallıqda təbii qaz lüksə çevrilib, ev təsərrüfatlarının işıq və istiliklə təchizatına isə ildə təxminən 800 funt-sterlinq tələb olunur. Amma onlar hələ də əmindirlər ki, "ekoloji yanacağa keçidin alternativi yoxdur".
La-Manşın o biri sahilində, Brüsseldə isə bildirirlər ki, onları Rusiyanın enerji asılılığından yalnız külək və günəş enerjisi xilas edə bilər.
Bu arada, Rusiya lideri bu günlərdə Avropanın qaz anbarlarına RF-dən əlavə təbii qazın vurulması üçün tapşırıq verib.
Beləliklə, "yaşıl"la "mavi"nin savaşında, böyük ehtimalla, düşünülmüş qərarlar qəbul etməyi bilənlərin sağlam düşüncəsi qalib gələcək. "Əlahəzrət şaxta"nın Avropaya hücumu zamanı evlərində donmaq istəməyənlərin ümidi də elə bunadır. Çünki onlar yaxşı bilirlər ki, gəlişi gözəl sözlərlə evdəki batareyaları isitmək mümkün deyil.
Yelena Karayeva – xüsusi olaraq Sputnik Radiosu üçün.