HƏRBİ

Xanlar Vəliyev “Tərtər işi"nə münasibət bildirib

2017-ci ilin mayında cinayət işi başlanıb və istintaqın gedişində bir neçə nəfərin dövlətə xəyanət etdiyi aşkar olunub.
Sputnik
BAKI, 1 noyabr — Sputnik. Respublikanın Hərbi prokuroru Xanlar Vəliyev "Tərtər işi" ilə bağlı jurnalistlərə açıqlama verib.
Sputnik Azərbaycan xəbər verir ki, hərbi prokuror Xanlar Vəliyev bildirib ki, dövlətə xəyanətdə ittiham olunanların və hərbçilərə işgəncə verənlərin cinayəti qanunla sübuta yetirilib.
O bildirib ki, 2017-ci ilin mayında cinayət işi başlanıb və istintaqın gedişində bir neçə nəfərin dövlətə xəyanət etdiyi aşkar olunub: "Həmin cinayət işləri üzrə təqsirləndirilən şəxlər barəsində hökm çıxarıldı. Sonra həmin hökmlərdən məhkum olunmuş şəxslər apellyasiya, ardınca kassasiya şikayəti verdi. Həm apellyasiya, həm də kassasiya mərhəsindən göstərilən şəxslərin həmin cinayətləri törətməsi barədə verilmiş hökmlərin əsaslı olduğu müəyyən olunduğundan, hökmlər qüvvəsində saxlanıldı.
Bununla yanaşı, hərbi prokurorluq tərəfindən aparılan istintaq zamanı müəyyən olundu ki, istintaq müddətində dövlətə xəyanətdə şübhəli bilinən şəxslərə qarşı qanundankənar fiziki zorakılıqlar həyata keçirilib və nəticədə cinayət işi başlayana qədər bir nəfər vəfat edib. Şəxsən özüm və Respublika Baş Prokurorunun müavini Şəfahət İmranov, ondan başqa Respublika Baş prokurorunun birinci müavini Rüstəm Usubov, idarə rəisi, köməkçisi və s. həmin hərbi hissəyə getdik. Müəyyən etdim ki, həqiqətən kütləvi şəkildə hərbçilərə qarşı qeyri-qanuni formada işgəncə tədbirləri həyata keçirilib. Ona görə də dərhal cinayət işi başladıq. Tələbimlə Müdafi Nazirliyinin Tibb Xidmətindən böyük bir həkim briqadası gəlib həmin şəxsləri müayinə etdi və kimlərin hansı dərəcədə müalicəyə ehtiyacı olduğu müəyyənləşdirildi, bəziləri Hərbi Hospitala göndərildi.
Həmin şəxslərin böyük bir qisminin həyatı xilas edildi. İşgəncə ilə bağlı cinayət işi başlanıldı və 16 nəfər müxtəlif vəzifəli şəxslər məsuliyyətə cəlb edildi. Barələrində müxtəlif hökmlər qəbul edildi. Onlar da hökmdən şikayət verdilər, lakin apellyasiya və kassasiya mərhələsində şikayətlərin əsassız olduğu müəyyən edildi".
Xanlar Vəliyev bildirib ki, ərazilərimiz işğaldan azad olunandan sonra ermənilər bizim aramızda olan erməni xislətli insanlardan istifadə edərək, 2017-ci ildə baş vermiş hadisələri tamamilə əsassız şəkildə gündəmə salmağa cəhd etdilər.
O bildirib ki, Qurban Məmmədov və onun kimilər bu gün də ermənilərin maşasıdır: "Çox təəssüf edirəm ki, belə insanlar bizim millətdəndir. Qurban Məmmədov özü hüquqşünasdır və çox gözəl bilir ki, hər bir ölkədə, o cümlədən müasir qanunvericiliyi olan Azərbaycanda hər şey qanunla həll olunur. İstər dövlətə xəyanətdə ittiham olunanlar, istərsə də həmin şəxslərə və digərlərinə qarşı qanunsuz işgəncə verən şəxslər haqda çıxarılmış hökmlər qanunidir".
Hərbi Prokuror onu da bildirib ki, təkcə işgəncə işi üzrə 102-103 nəfərə qarşı fiziki zorakılıq tədbirləri müəyyən olunub: "Yalnız təqsirləndirilən şəxslər deyil, digər şəxslərə qarşı da bu cür təzyiqlər olub. İstintaqın gedişində bəzi şəxsləri məsuliyyətə almışdıq, lakin sonradan məlum oldu ki, onların günahı yoxdur. Demək istədiyim odur ki, Hərbi Prokurorluq obyektiv olmağa çalışıb və zənn edirəm ki, buna da nail olub".
Xatırladaq ki, bu ilin may ayında Baş prokuror Kamran Əliyev bildirib ki, “Tərtər işi” ilə bağlı 2017-ci ildə istintaq işi aparılıb. "Burada müəyyən edilən konkret cinayət işləri ilə bağlı işlər başlanılıb, konkret şəxslərə ittihamlar elan edilib, müvafiq məhkəmə hökmləri çıxarılıb və bu iş Ali Məhkəməyə göndərilib. Bununla bağlı ictimaiyyətə ətraflı məlumatlar verilib. Bu işin ətrafında əsassız olaraq hay-küy yaratmaq absurddur", - deyə K.Əliyev vurğulayıb.