BAKI, 1 noyabr — Sputnik. Yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı profilaktik vaksinasiya müəyyən yanaşı xəstəlikləri olan 12 yaşlı və daha böyük uşaqlar üçün təhlükəsiz və effektiv qorunma təklif edir. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri 4 saylı uşaq poliklinikasının həkim-pediatrı Sevinc İmanova deyib.
Onun sözlərinə görə, bundan əlavə, peyvənd sayəsində təkcə uşağın deyil, həm də onun ətrafında yaşayanların, ailə üzvlərinin sağlamlığı qorunmuş olur. Nəzərə almaq lazımdır ki, sosial təması çox olan aşağı yaş qruplarına aid uşaqlar arasında peyvənd olunanların sayı nə qədər çox olarsa, virusun qarşısını almaq o qədər asanlaşar.
Həkim-mütəxəssis bildirib ki, bu, həmçinin peyvənd olunmaq imkanı olmayanların, məsələn körpələrin koronavirusdan müdafiəsini təmin edir:
"Tədqiqat çərçivəsində peyvənd edilən uşaqlarda tipik peyvənd reaksiyaları adlandırıla biləcək ümumi yan təsirlər müşahidə edilib. Lakin belə reaksiyalar cəmi bir neçə gün sonra tamamilə yox olub. Peyvəndin yan təsirlərinə inyeksiya yerində ağrı, qızdırma, titrəmə və baş ağrısı kimi reaksiyalar daxildir. Bu cür peyvənd reaksiyalarına böyüklər üzərində aparılan digər klinik sınaqlarda da rast gəlinib. Yəni, narahatlığa heç bir əsas yoxdur. Uşaqlarda COVID-19 əleyhinə peyvəndlərdən sonra ciddi yan təsirlər müşahidə edilməyib".
Xatırladaq ki, Azərbaycanda yaşı 12 və daha yuxarı olan uşaqlar və yeniyetmələr COVID-19 əleyhinə "Pfizer" vaksini ilə peyvəndlənirlər. Uşaqların vaksinasiyası hər iki valideynin icazəsi ilə həyata keçirilir.
Qeyd edək ki, son günlər dünyada, eləcə də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında artım müşahidə edilir. COVID-19 virusunun "delta" ştamı ilə müqayisədə belə, daha yoluxdurucu olan AY.4.2 növü bir sıra dünya ölkələrində, habelə qonşu Rusiyada geniş yayılıb. Mütəxəssislər COVID-19-un yoluxduruculuq və letallıq faizinin daha yüksək olduğu yeni mutasiyaların yaranma ehtimalını nəzərə alaraq vətəndaşların buster (qüvvətləndirici) doza ilə peyvəndlənməsini tövsiyə edir.