AZƏRBAYCAN XƏBƏRLƏRİ

Türk Şurasına üzv dövlətlərin Baş Prokurorları Şurasının Əsasnaməsi imzalanıb

Baş prokuror Kamran Əliyev dövlətimizin başçısı İlham Əliyevin iclas iştirakçılarına salamlarını və Şuranın yaradılması ilə bağlı təbriklərini çatdırıb.
Sputnik
BAKI, 1 noyabr — Sputnik. Noyabrın 1-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclası keçirilir.
Sputnik Azərbaycan xəbər verir ki, yüksək səviyyəli iclasa Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğız respublikalarının Baş prokurorları, Türk Şurasının Baş katibinin müavini, Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti və digər nümayəndələri qatılıblar. Tədbirdə, həmçinin iştirakçı dövlətlərin və Macarıstanın ölkəmizdəki səfirləri iştirak edirlər.
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev iclasda çıxış edərək böyük coğrafiyanı əhatə edən türk dünyasının hüquq-mühafizə orqanları arasında qarşılıqlı və səmərəli əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Baş prokuror dostluq və qardaşlıq təməlləri əsasında yaradılacaq Şuranın regional təhlükəsizliyə, sülhə və sabitliyə yeni, daha təhlükəli təhdidlər üçün çağırışlara tutarlı cavab verməyə xidmət edəcəyini, mövcud potensialın inkişafında və qarşılıqlı fəaliyyətin əlaqələndirilməsində səmərəli vasitə olacağını bildirib.
Baş prokuror Kamran Əliyev dövlətimizin başçısı İlham Əliyevin iclas iştirakçılarına salamlarını və Şuranın yaradılması ilə bağlı təbriklərini çatdırıb.
Daha sonra Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iclas iştirakçılarına videomüraciəti nümayiş olunub.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibinin müavini Mirvoxid Azimov təsis ediləcək Şuranın türkdilli ölkələr arasında əməkdaşlığın inkişafında, xüsusən cinayətkarlığa və terrorçuluğa qarşı mübarizədə mühüm rol oynayacağını vurğulayıb.
Sonra türkdilli dövlətlərin əməkdaşlığının uğurlu nəticələrinə dair videoçarx nümayiş olunub.
Tədbirə qonaq qismində dəvət olunmuş Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti Çol-Kyu Hvan çıxışında qlobal, o cümlədən regional təhdidlərə qarşı mübarizədə birgə platformaların önəminə diqqət çəkərək, Şura üzvlərinin qazanılmış təcrübədən və məlumat mübadiləsindən fəal faydalanmaq imkanına malik olacaqlarını bildirib.
Açılış çıxışlarından sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin Baş Prokurorları Şurasının Əsasnaməsinin imzalanması mərasimi olub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, Azərbaycan Prokurorluğu beynəlxalq tərəfdaşlarla və nüfuzlu təşkilatlarla səmərəli əməkdaşlıq həyata keçirməklə yanaşı, çoxsaylı qlobal və regional təşəbbüslərdə də fəal iştirak edir.
Regionumuzda baş verən çağırışlara və təhdidlərə qarşı mübarizədə, mövcud potensialın inkişafında və qarşılıqlı təcrübə mübadiləsində qardaş və dost türkdilli ölkələrin prokurorluq orqanları ilə əlaqələrin yeni formatda təşkili cinayətkarlığa qarşı mübarizə üzrə birgə səylərin gücləndirilməsinə və daha effektiv təşkili üçün mühüm amil hesab edilib.
2009-cu oktyabrın 3-də türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilən IX zirvə toplantısında türkdilli ölkələr arasında ortaq tarix, dil, mənsubiyyət və mədəniyyətə əsaslanan qarşılıqlı maraqları və münasibətləri daha da inkişaf etdirmək və həmrəyliyi gücləndirmək məqsədilə təməli qoyulmuş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində üzv ölkələrin Baş Prokurorları Şurasının təsis edilməsi qərara alınıb.