TƏHSİL

Tələbə yataqxanaları harada tikiləcək? Yeni təklifi hələ ki, icra etmək mümkün deyil

Ən əlverişli yol, köhnə tələbə yataqxanalarına məxsus olan torpaq sahəsində tikinti normativlərinə uyğun yeni hündürmərtəbəli yataqxanaların tikilməsidir.
Sputnik
BAKI, 1 noyabr — Sputnik. Bölgələrdə yaşayıb paytaxtda ali məktəbə qəbul olan tələbələrin ən böyük qayğısı kirayə mənzil problemidir. Bəzi hallarda kirayə mənzillərin baha olması tələbələri çətin duruma salır. Artıq bununla bağlı məsələ yeni hazırlanan qanun layihəsində öz əksini tapacaq.
Sputnik Azərbaycan-ın məlumatına görə, ölkəmizdə sosial tələbə yataqxanaları yaradılacaq. Bununla bağlı məsələnin "Ali təhsil haqqında" hazırlanan yeni qanun layihəsinə salınması təklif olunub.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, yeni qanun layihəsində hansısa bir təhsil müəssisəsi yaradılarkən onun yataqxanasının olması da şərt kimi öz əksini tapıb. Millət vəkili deyir ki, sosial tələbə yataqxanalarının yaradılması zəruridir. Onun sözlərinə görə, yataqxana çatışmazlığı ali məktəblərə qəbul olan abituriyentləri bir sıra çətinliklərlə üz-üzə qoyur.
Millət vəkili vurğulayıb ki, bəzi hallarda maddi imkanı zəif olan tələbələr kirayə haqlarını ödəyə bilmədiklərinə görə təhsildən yayınmağa məcbur olurlar. Sosial yataqxanaların istifadəyə verilməsi isə vəziyyəti müsbətə doğru dəyişəcək.
Ceyhun Məmmədov onu da əlavə edib ki, bununla bağlı məsələ Elm və təhsil komitəsi yanında "Ali təhsil haqqında" qanun layihəsi üzrə yaradılmış işçi qrupunun noyabrın 2-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Bəs görəsən, sosial tələbə yataqxanaları harada inşa olunacaq?
Yeni torpaq sahəsi almaq sərfəli deyil
Əmlak eksperti Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, tələbə yataqxanaları üçün yeni yerlərin ayrılması əlverişli deyil. Ekspert bildirir ki, universitetlərə yaxın ərazilərdə torpağın qiyməti çox bahadır. Ona görə də, paytaxtda ali təhsil müəssisələrinə yaxın ərazilərdə torpaq sahəsi alıb tələbə yataqxanası inşa etmək sərfəli deyil.
Ekspertin fikrincə, ən əlverişli yol, köhnə tələbə yataqxanalarına məxsus olan torpaq sahəsində tikinti normativlərinə uyğun yeni hündürmərtəbəli yataqxanaların tikilməsidir:
"Bakıda yeni tikili binalar və digər tikili obyektlərdə qiymətlərin baha olmasının ən başlıca səbəbi torpaq sahələrinin baha olmasıdır. Bu gün Sovet dövründən qalmış tələbə yataqxanaları artıq istismar müddətini çoxdan bitirib və yaşayış üçün yararsızdır. Lakin onların yerləşdiyi ərazilər və yataqxanalara məxsus olan torpaq sahələri tikinti normativlərinə uyğun yeni hündürmərtəbəli yataqxanaların tikilməsinə imkan verir.
Tikintinin maya dəyərinə nəzər salsaq, 1 kv/metr yeni tikili binanın sadəcə tikinti xərci 300 – 350 manat arası dəyişir. Normal təmirin 1kv/metrinin dəyəri isə istifadə olunacaq materiallardan asılı olaraq, 200-250 manat arasındadır. Yəni, 1 kv/metr təmirli mənzilin maya dəyəri təxmini 550-600 manata başa gəlir. Bura torpaq sahəsinin qiyməti və digər xərclər daxil deyil. Bu gün tələbələr üçün yeni hündürmərtəbəli, tam təmirli yataqxanalar tikmək, şəhərciklər salmaq və onları tələbələrə minimal qiymətlə icarəyə vermək həm tələbələrin yataqxana problemini aradan qaldırmış olar, həm də onu tikdirən təhsil müəssisələrinə hər ay külli miqdarda gəlir gətirmiş olar".
BDU-nun yeni yataqxanası
Bir yataqxananın xərci 6 ilə çıxacaq
E.Fərzəliyev bildirir ki, köhnə yataqxana normativlərinə görə 12 kv/metrlik bir otaqda iki tələbə qalırdı. Bugünkü bazar dəyəri ilə hesabladıqda 12 kv/metrlik təmirli iki tələbəlik bir otaq təxmini 7200 manata başa gəlir:
"Hər ay tələbə 50 manat ödəməklə, hər otağa 100 manat kirayə pulu ödəmiş olur. Bu isə o deməkdir ki, həmin yataqxanaların tikintisinə yatırılmış sərmayə 6 ilə geri qayıdır. Uzun illər boyu onu tikdirən ali təhsil müəssisələri o yataqxanalardan gəlirlər əldə edirlər. Həmin gəlirlərlə həm yataqxanaların saxlanılma və işçi xərclərini, həm də müəllimlərin maaşlarını artırmaq olar".
Ekspertin sözlərinə görə, torpaqlarımızın işğaldan azad edilməsi yaxın gələcəkdə məcburi köçkünlərin yerləşdiyi yataqxanaların da boşalmasına səbəb olacaq: "Məcburi köçkünlərimiz ölkənin müəyyən yerlərinə, həmçinin ali təhsil müəssisələrinin tələbə yataqxanalarına sığınaraq uzun illər orada yaşamaq məcburiyyətində qaldılar.
Bu səbəbdən 28 ildən artıqdır ki, tələbələrimizin yataqxana problemi aktual olaraq qalmaqdadır. Amma artıq torpaqlarımız işğaldan azad edilib. Həmin yataqxanalar yaxın bir neçə ildə tamamilə boşalacaq".
E.Fərzəliyev bildirir ki, bu gün bölgələrimizdən paytaxta təhsil almaq üçün gələn tələbələrin üzləşdiyi ən böyük problem evsizliklə bağlıdır. Paytaxtda mənzillərin kirayə qiyməti çox yüksəkdir və bu evləri kirayələmək hər bir tələbə üçün əlçatan deyil:
"Mərkəzə yaxın ərazilərdə 1 otaqlı mənzilin kirayə qiyməti 250 – 300 manat olduğu üçün bir otaqda iki tələbə deyil, məcburən dörd və ya beş tələbə yaşayır. Bu cür sıxlıq isə onların təhsilinə mənfi təsir göstərir. 2016-cı ildən başlayaraq davam edən pilot layihələr səbəbindən isə paytaxtdakı əksər köhnə tikili binalar sökülərək yeniləri ilə əvəzlənir və bu səbəbdən ucuz kirayə mənzillər artıq dövriyyədən çıxmış olur. Tələbələr məcburən şəhər kənarında evlər kirayələsələr də, bu, onların vaxtının çoxunun yollarda itirilməsinə səbəb olur".
Tələbə yataqxanaları universitetlərin reytinqini də artıracaq
Təhsil üzrə ekspertlər isə tələbə yataqxanalarının bərpasının təhsilin keyfiyyətinə və universitetlərin reytinqinə müsbət təsir edəcəyini bildirirlər.
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a bildirib ki, ölkədəki ali təhsilin keyfiyyətinin yüksəldilməsi, o cümlədən universitetlərin infrastrukturunun müasir tələblərə cavab verməsi üçün yataqxanaların olması mühüm amildir. Onun sözlərinə görə, yataqxanalar təkcə yaşayış yeri deyil, bu həm də tələbələrin təhlükəsizliyi, sosiallaşması baxımından əhəmiyyətlidir. İ.Orucov deyir ki, universitetlərimizin yataqxana tikintisinə başlaması ali təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək.
Hələ ki, məcburi köçkünlər məskunlaşıb
Əlaqə saxladığımız universitetlərin əksəriyyətindən isə bildirdilər ki, yataqxanaların əksəriyyətini hazırda söküb yerində yenisini inşa etmək mümkün deyil. Azərbaycan Dillər Universitetindən (ADU) bildirildi ki, ali təhsil müəssisəsinin oğlan və qızlar üçün ayrıca iki yataqxanası var. Oğlanlar üçün yataqxanada qaçqınlar və məcburi köçkünlər məskunlaşıb. Qızlar üçün yataqxananın iki blokunda qaçqınlar və məcburi köçkünlər yaşayır. İki blok isə tələbə qızların ixtiyarına verilib və tam təmirlidir. Burada 200 tələbənin qalması üçün bütün imkanlar var.
Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) verilən məlumata görə, ali məktəbin 5 yataqxanası var: "Həmin yataqxanaların dördündə məcburi köçkünlər məskunlaşıb. Yalnız 2 nömrəli tədris binasında fəaliyyət göstərən yataqxanada təxminən 200-ə qədər tələbə yerlə təmin edilə bilər”.
Azərbaycan Texniki Universitetin (AzTU) yataqxanası 5 korpusdan ibarətdir: "Hazırda yataqxanaların dördündə məcburi köçkünlər yaşayır. Onlardan yalnız birində təxminən 80 nəfər tələbə qala bilir".
Əlaqə saxladığımız digər universitetlərdən də bildirdilər ki, hazırda yataqxanaların çoxunda məcburi köçkünlər məskunlaşdığından onların sökülüb yenidən tikilməsi mümkün deyil.