BAKI, 1 noyabr — Sputnik. Noyabrın 1-də İsmayıllı şəhərində Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) yeni binasının açılışı olub.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, Uşaq və Ailələrə Dəstək mərkəzlərinin yaradılması və inkişafı, yerlərdə icma daxili xidmətlərin və əhali ilə aparılan işlərin səmərəliliyinin artırılması baxımından uğurlu nəticələr verib. Uşaq və Ailələrə Dəstək Mərkəzi modeli beynəlxalq təcrübədən öyrənilib və yerli vəziyyətə uyğunlaşdırılaraq Azərbaycanda tətbiq edilməyə başlanıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində 11 rayonda bu cür mərkəzlər fəaliyyət göstərir. Mərkəzlərin fəaliyyətinin əsas istiqaməti icmada risk qrupundan olan ailələrlə sosial işin aparılmasıdır. Belə ki, mərkəzlərin fəaliyyəti uşaqların internat müəssisələrinə düşməsinin, təhsildən yayınmasının, erkən nikah, məişət zorakılığı hallarının qarşısının alınmasından, yeniyetmələrin və uşaqların təhlükəli yaş dövründə problemlərinin araşdırılaraq, onlarla psixoloji işin aparılması, uşaq və yeniyetmələr üçün asudə vaxtın təşkili və digər sosial problemlərlə bağlı qabaqlayıcı tədbirlərin görülməsi, eləcə də maarifləndirmə işlərinin həyata keçirilməsindən ibarətdir.
Bildirildi ki, indiyədək bu mərkəzə 10 minə yaxın müraciət daxil olub və bu illərdə 39 min İsmayıllı sakini mərkəzin fəaliyyətindən bəhrələnib. Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun olaraq, burada aktiv terapiya, psixoloq, loqoped, ünsiyyət terapiyası, fərdi məşğələ, sensor, sosial iş, kompüter, dərnək, təlim, konfrans otaqları, qadınlar üçün məşğələ otağı, su terapiyası üçün hovuz, asudə vaxtın təşkili məqsədilə ana-uşaq klubu üçün zal və digər otaqlar var. Bundan əlavə, yaxın rayonlardan mərkəzin fəaliyyətindən bəhrələnmək istəyən risk qruplu ailələr üçün müvafiq şərait yaradılıb.
İsmayıllı şəhərində 6 saylı tam orta məktəbin yeni binası istifadəyə verilib
Noyabrın 1-də İsmayıllı şəhər Natiq Behdiyev adına 6 saylı tam orta məktəbin yeni binası istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Məlumat verilib ki, 1984-cü ildə inşa olunan bu məktəbin binası ötən müddətdə heç vaxt təmir olunmadığından istifadəyə yararsız vəziyyətə düşmüşdü. Ona görə də Heydər Əliyev Fondunun dəstəyi ilə məktəb üçün yeni binanın inşasına başlanıldı. 720 şagird yerlik yeni məktəb binası 5 korpusdan ibarətdir. Məktəbin nəzdində, həmçinin bütün yaş qruplarının istifadəsi üçün nəzərdə tutulan STEAM Mərkəzi fəaliyyət göstərir. Mərkəzdə şagirdlərə praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqi nümayiş olunacaq. Məktəbdə sinif otaqları, fizika, kimya və biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb, əmək təlimi otaqları, kitabxana, idman zalları, açıq idman meydançası var. Otaqlar zəruri mebel və avadanlıqla, əyani vəsaitlərlə təchiz edilib.