AZƏRBAYCAN XƏBƏRLƏRİ

Şamaxıda körpələr evi, orta məktəb və Yaradıcılıq Mərkəzi istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hər iki obyektin açılışında iştirak ediblər.
Sputnik
BAKI, 1 noyabr - Sputnik. Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun dəstəyi ilə Şamaxı şəhərində inşa edilən 7 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.
Sputnik Azərbaycan Azərtac-a istinadən xəbər verir ki, 80 yerlik məktəbəqədər təhsil müəssisəsində qrup, oyun və yataq otaqları, idman, akt və musiqi zalları, tibb otağı var. Burada uşaqların ilkin biliklərə yiyələnmələri və əylənmələri üçün zəruri şərait yaradılıb. Bağçanın həyətində abadlıq-yaşıllaşdırma işləri aparılıb, oyun meydançası və söhbətgahlar quraşdırılıb.
Qeyd edək ki, Heydər Əliyev Fondunun 2014-cü ildən başlayan “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması, uşaqların təlim-tərbiyəsinin hərtərəfli təmin olunması ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. O cümlədən Heydər Əliyev Fondu tərəfindən bölgələrimizdə, həmçinin Şamaxı rayonunda körpələr evi-uşaq bağçalarının inşası və təmiri ilə bağlı layihələr reallaşdırılıb.
Noyabrın 1-də Şamaxı şəhərində Yaradıcılıq Mərkəzi istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər.
Yaradıcılıq Mərkəzinin ikimərtəbəli binasında müxtəlif sənət növləri üzrə emalatxanalar yaradılıb. Burada toxuculuq, dulusçuluq, keçə sənəti, naxışvurma, keramika avadanlıqları, xalçaçılıq, heykəltəraşlıq, rəsm, rəngkarlıq üzrə emalatxanalar fəaliyyət göstərəcək. Yaradıcılıq Mərkəzində, eyni zamanda, satış-sərgi salonu da yaradılıb.
Qeyd edək ki, yerli sakinlərə dəstək və bölgədə əhalinin məşğulluğunun artırılması məqsədilə yaradılan Mərkəzdə bir sıra peşə istiqamətləri üzrə sənətkarlıq bacarıqları olan şəxslər işlə təmin olunacaqlar. Mərkəzin ikinci mərtəbəsində uşaqlar üçün tədris, təlim və asudə vaxtın səmərəli keçirilməsi məqsədilə otaqlar təşkil edilib. Burada 7 yaşdan yuxarı uşaqların müxtəlif dərnəklərdə bacarıqlarının inkişaf etdirilməsi mümkün olacaq.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 1-də Şamaxı rayonunda akademik Heydər Hüseynov adına Çarhan kənd tam orta məktəbinin yeni binasının açılışında iştirak ediblər.
Məktəbin əvvəlki binası 1972-ci ildə inşa olunmuşdu. Orta təhsil müəssisəsi tədris üçün artıq yararsız vəziyyətə düşdüyündən Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəb üçün yeni binanın tikilməsinə qərar verildi.
Diqqətə çatdırıldı ki, 420 şagird yerlik məktəb binası 5 korpusdan ibarətdir. Burada sinif otaqları, fizika, kimya və biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb, əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, açıq idman meydançası var.
Qeyd edək ki, Heydər Əliyev Fondu elmin və təhsilin inkişafını daim diqqət mərkəzində saxlayır, bu sahədə dövlət tərəfindən görülən işlərə öz töhfəsini verir. Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsil sahəsində ardıcıl olaraq irimiqyaslı layihələr həyata keçirilir. Bu layihələr sırasına “Uşaq evlərinin və internat məktəblərinin inkişaf proqramı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” və “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramları daxildir. Fondun bu proqramları çərçivəsində Şamaxı rayonunda da müxtəlif illərdə yeni təhsil ocaqlarının tikintisi, təmiri və lazımi avadanlıqla təmin edilməsi üzrə bir sıra layihələr reallaşdırılıb.
Həmçinin oxuyun:
Prezident və xanımı Lahıcda Bədöyün məscidində bərpa-təmir işləri ilə tanış olublar
Şamaxıda “Azərişıq” ASC-nin Şimal-Qərb Regional İdarəetmə Mərkəzinin açılışı olub
İlham Əliyev Basqal-Sulut avtomobil yolunun açılışında iştirak edib
Dövlət başçısı Şamaxı Gənclər Parkında görülmüş işlərlə tanış olub
Dövlət başçısı Şamaxı Gənclər Parkında görülmüş işlərlə tanış olub