BAKI, 1 noyabr — Sputnik. Dövlət Miqrasiya Xidməti Azərbaycanda xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar ölkədə müvəqqəti olan və yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.
Dövlət Miqrasiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Nazirlər Kabinetinin 29 oktyabr 2021-ci il tarixli, 324 nömrəli Qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 yanvar saat 06:00-dək uzadılıb.
Bu müddət ərzində Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti hazırkı qaydalar əsasında həyata keçiriləcək (daha ətraflı -https://www.migration.gov.az/az/news_detail/14374).
Karantin müddətində Xidmətin (012) 919 Çağrı Mərkəzi həftə sonları (noyabr ayı üzrə 6 və 7, 13 və 14, 20 və 21, 27 və 28 tarixlərdə, dekabr ayı üzrə 4 və 5, 11 və 12, 18 və 19, 25 və 26 tarixlərdə) məhdud sayda əməkdaşla və rejimdə fəaliyyət göstərəcək. Odur ki, göstərilən tarixlərdə müraciətlər Xidmətin rəsmi internet səhifəsindəki onlayn bələdçi, həmçinin MigAz mobil tətbiqi vasitəsilə də ünvanlana bilər.
Qeyd edilib ki, müvəqqəti olma müddəti (viza müddəti və ya 90 gün) artıq 60 gün uzadılmış (dövlət rüsumu ödəyən) əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur.