BAKI, 1 noyabr - Sputnik. Noyabrın 1-də Rusiya XİN rəhbəri Sergey Lavrovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub. RİA Novosti XİN-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı minalanmış ərazilərin xəritələrinin verilməsi və digər məsələlər müzakirə edilib.
"Əsas diqqət mövcud humanitar problemlərin həllinə, ilk növbədə saxlanılan şəxslərin qaytarılmasına, minalanmış sahələrin xəritələrinin qaytarılmasına və mədəni-dini irsin qorunub saxlanmasına yönəldilib. Bundan əlavə tərəflər Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılmasına, Cənubi Qafqazda bütün nəqliyyat kommunikasiyalarının açılmasına, regional əməkdaşlıq üçün münbit şəraitin yaradılmasına da toxunublar. Ermənistanla Azərbaycan arasında sərhəddə baş verən hadisələrin siyasi-diplomatik yollarla həlli üçün səylərin davam etdirilməsinə diqqət yönəldilib", - deyə Rusiya XİN-in məlumatında deyilir.
O da bildirilir ki, danışıqlar zamanı tərəflər "müxtəlif səviyyələrdə gələcək görüşlər nəzərə alınmaqla" ikitərəfli münasibətlərə dair məsələləri də müzakirə ediblər.