BAKI, 1 noyabr — Sputnik. Respublikanın dağ və dağətəyi rayonlarında istilik mövsümü bu gündən başlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, istilik mövsümü digər ərazilərdə, o cümlədən Bakı şəhərində 15 noyabr tarixindən başlanacaq.
Qeyd edək ki, 2021-2022-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqədar "Azəristiliktəchizat" ASC tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq istilik təchizatı obyektlərinin mövsümə hazırlanması ilə bağlı tədbirlərin icrası başa çatdırılıb.
Mövsüm ərzində Cəmiyyətə məxsus 554 qazanxana istismar edilməklə 3 871 yaşayış binası, o cümlədən 184,0 minə yaxın mənzil, 281 məktəb, 160 uşaq bağçası, 161 səhiyyə müəssisəsi və 1 980 digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur.
Məlumata görə, bununla əlaqədar olaraq istilik mövsümündə işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunmuş, qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənib, nəzarət ölçü cihazlarının, avtomatika və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması həyata keçirilib, magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilib və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunub, qazanxanalar ehtiyat qazan və nasoslarla təmin edilib.
Tədbirlər planına əsasən 554 qazanxana və 90 istilik məntəqəsi kompleks yoxlanılmış, 531 odluq təmir olunub, 931 ədəd qazan aqreqatı əsaslı və cari təmir olunub, 1 190 ədəd qazan mexaniki və kimyəvi üsullara təmizlənmiş, qazanlarda 1 810 kvadratmetr izolyasiya örtüyü və 925 kvadratmetr kərpic örtüyü təmir olunub. İstilik şəbəkələrində 22 779 ədəd siyirtmə və ventil təftiş olunub, onlardan 12 916 ədədi əsası və cari təmir olunub, 825 ədədi isə yenisi ilə əvəz olunub.
Magistral və məhəllədaxili istilik xətlərində 16 732 kvadratmetr istilik örtük qatı, qazanxana və istilik məntəqələrində 11 018 kvadratmetr dam örtüyü təmir edilib. Bundan başqa, 474 dəst istilik mübadilə qurğusu mexaniki və kimyəvi üsullarla təmizlənmiş, 590 ədəd kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənmiş və Na-kationit süzgəclərində 7 ton kationit materialları dəyişdirilib.
İstilik təchizatı sistemində ən vacib sahələrdən birinin magistral istilik xətləri olduğu nəzərə alınaraq 2021-2022-ci illər istilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində bu sahədə də əhəmiyyətli işlər görülüb. Belə ki, 990 km istilik xətləri yuyulub və hidravlik təzyiqə yoxlanılıb, 8400 metrə yaxın məhəllədaxili və magistral istilik xətləri əsaslı təmir olunmuş, 371 km istilik kəməri təmirdən sonra hidravlik təzyiqə yoxlanılıb.
Bundan başqa, 1 893 ədəd qoruyucu klapan və 2 246 ədəd əks klapan, 515 ədəd ehtiyat su çəni təftiş və təmir olunub, 2 970 ədəd çirktutan təmizlənmiş və cəmiyyətə aid qaz təsərrüfatı təftiş olunaraq cəmiyyətin balansında olan 155 km qaz xətti və 485 ədəd qaz kəsici klapan yoxlanılıb, 1 809 ədəd qaz tənzimləyici yoxlanılaraq təmizlənmiş istismara yararsız olanlar yenisi ilə əvəz olunub.
Cəmiyyətə məxsus 230 qazanxana və istilik məntəqəsində istilik parametrlərinə məsafədən nəzarət sistemi quraşdırılıb ki, bu da Bakı şəhəri və respublikanın regionlarında qazanxana və istilik məntəqələrində texnoloji rejim parametrlərinə uzaqdan nəzarət etməklə qəbul edilən qərarların operativliyinin artırılmasına və yanacaq-enerji resurslarına qənaət etməyə imkan verir.
Payız qış mövsümünün yaxınlaşması ilə əlaqədar istehlakçılar tərəfindən də yaşayış binaları , mənzillər və sosial obyektlərdə enerji qoruyucu tədbirlər görülməli, binaların ümumi istifadədə olunan hissələrində, pilləkən qəfəsələrində və digər yerlərdə qapı və pəncərələrdən istilik itkilərinin qarşısının alınması üçün tədbirlər görülməli, binadaxili və mənzildaxili istilik sistemləri təkrar yoxlanılmalı, istilik sistemlərində yaranmış su sızmaları və axıntılar dərhal aradan qaldırılmalı, əvvəlki mövsümdə istilikvermə qabiliyyəti zəif olan qızdırıcı cihazlar yuyularaq təmizlənməli və ya yenisi ilə əvəz olunmalı, köhnə polad borulardan olan dik dayaqlarda tutulma halları müşahidə olunduğu zaman həmin dik dayaqlar yenisi ilə əvəz olunmalıdır.