TƏHLİL

Banklara axın: AMB sədri isə manatın təhdid və təzyiq altında olmadığını deyir

İstilik təchizatı obyektlərinin mövsümə hazırlığı, gələn ilin büdcəsi, manatın məzənnəsi, yaşayış minimumu və ehtiyac meyarının artırılması, Füzuli Beynəlxalq Hava Limanının açılışı, Zəngəzur dəhlizinin təməlinin qoyulması Sputnik Azərbaycan-ın materialında.
Sputnik
BAKI, 31 oktyabr — Sputnik. Yola saldığımız həftədə Azərbaycanda maraqlı iqtisadi hadisələr baş verib və mühüm hadisələri oxucuların diqqətinə çatdırırıq. Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlinin qoyulması, Füzuli Beynəlxalq Hava Limanının açılışı mühüm hadisələrdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoyublar. Zəngəzur dəhlizi haqqında danışan Prezident İlham Əliyev deyib: "Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək. Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli-praktiki addımlar atır və əminəm ki, bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir".
Deputat Vüqar Bayramov bildirib ki, Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq: "Söhbət 1.1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu (ÜDM) olan türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək dəhlizdən gedir. Belə ki, Türkiyə 761.4 milyard dollar, Qazaxıstan 181.7 milyard dollar, Özbəkistan 57.9 milyard dollar, Azərbaycan 48 milyard dollar, Türkmənistan 48 milyard dollar və Qırğızıstan 8.5 milyard dollar nominal ÜDM-ə malikdirlər. Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək".
Deputat qeyd edib ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək: "Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq".
Füzuli Beynəlxalq Hava Limanının açılışı
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak ediblər. AZAL-ın prezidenti Cahangir Əsgərov dövlət başçılarına görülən işlər barədə məlumat verib. Bildirilib ki, Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub. Hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Hava limanının ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb. Burada avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə qülləsi tikilib. Bu isə Füzuli Beynəlxalq Hava Limanında ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanmasını mümkün edir. Hava limanında baqaj konveyerləri, qeydiyyat sistemi, VIP zallar, mağazalar, restoranlar və digər zəruri məntəqələr yaradılıb. Burada sərnişinlərin rahatlığı üçün bütün meyarlar diqqət mərkəzində saxlanılıb.
O da qeyd olundu ki, hazırda Zəngilan və Laçında beynəlxalq hava limanları tikilir və onların inşası ilə regionun nəqliyyat imkanları daha da genişləndiriləcək.
Zəngilanda "Ağıllı kənd" layihəsi çərçivəsində görülən işlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən "Ağıllı kənd" layihəsi çərçivəsində görülən işlərlə tanış olublar. Kənd təsərrüfatı naziri İnam Kərimov dövlət başçılarına görülən işlər barədə məlumat verib. Bildirilib ki, layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılır. İnnovativ tikinti materiallarından istifadə edilməklə tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir. "Ağıllı kənd"də müasir şəhərsalma standartları tətbiq olunacaq. Piyada və velosiped yolları çəkiləcək. Bir sözlə, öz doğma yurdlarına qayıdacaq sakinlər üçün hərtərəfli şərait yaradılacaq.
Burada kənd təsərrüfatının təşkili və inkişafı ilə bağlı da bir sıra işlər görüləcək. Artıq kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə olunacaq torpaq sahələri müəyyənləşdirilib və lazımi innovativ texnikaların siyahısı hazırlanıb. "Ağıllı kənd təsərrüfatı"nda müasir suvarma sistemlərindən istifadə olunacaq. Əkin planına əsasən müəyyənləşdirilən 600 hektar ərazidən 412 hektarının minalardan təmizlənməsi üçün müvafiq işlər aparılıb. Burada "Ağıllı idarəetmə sistemi" data və təhlil mərkəzindən həyata keçiriləcək.
"Qubadlı" yarımstansiyasının açılışı
Bu həftə "Qubadlı" yarımstansiyasının açılışı mühüm hadisədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sistem əhəmiyyətli 110/35/10 kV-luq "Qubadlı" yarımstansiyasının açılışında iştirak ediblər.
"Azərenerji" ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya yarımstansiya barədə məlumat verib. Bildirilib ki, yarımstansiyanın tikintisi ilə paralel olaraq Qubadlının Azərbaycanın ümumi enerji sisteminə qoşulması, rayonun dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi üçün Füzulidəki "Şükürbəyli" yarımstansiyasından "Cəbrayıl" yarımstansiyasına giriş-çıxış olmaqla 76 kilometr məsafədə ikidövrəli 110 kV-luq yüksəkgərginlikli "Qubadlı-1", "Qubadlı-2" elektrik verilişi xətti çəkilib. 150-160 MVt gücötürmə qabiliyyətinə malik yeni xətt layihələndirilərkən rayon üçün səciyyəvi iqlim parametrləri – buzlaşma, küləyin maksimal sürəti, qarın qalınlığı, çirklənmə və başqa amillər, o cümlədən baş verə biləcək qəza hallarının qarşısının alınması, lokallaşdırılması üçün zəruri sistem yaradılıb.
Yeni çəkilən xətt boyunca ildırımdan mühafizə və yarımstansiyalararası informasiya mübadiləsi, internet üçün fiberoptik kabel çəkilib və bununla da Qubadlıya təkcə elektrik xətti deyil, həm də ən yüksək ötürücülük qabiliyyətinə malik sürətli internet xətti gətirilib. İldırımötürücü xəttin içərisində keyfiyyətli internet şəbəkəsi, o cümlədən SCADA dispetçer idarəetmə sistemi informasiyalarının, proqram təminatının, televiziya, telefon, rabitə, müşahidə kamera, canlı bağlantı, mərkəzləşdirilmiş arxiv şəbəkəsinin və başqa məlumatların sinxronlaşdırılması həyata keçirilib.
Bu günə qədər "Azərenerji" ASC tərəfindən Şuşa, Füzuli, Kəlbəcər, Cəbrayıl, Zəngilan və Qubadlıda 110 kV-luq yeni yarımstansiyalar tikilib. Bütün yarımstansiyalara çəkilən elektrik xətlərində ildırımdan mühafizə və yarımstansiyalararası siqnal mübadiləsi üçün fiberoptik kabellər quraşdırılıb. Beləliklə, işğaldan azad edilmiş ərazilərin 80 faizi Azərbaycanın ümumi enerji sisteminə qoşulmaqla yanaşı, elektrik xətləri üzərindəki optik kabellər vasitəsilə yarımstansiya və rayonlardakı lazımi strukturlar internetlə təmin edilib. İşğaldan azad edilən digər rayonlardakı yarımstansiyalarda olduğu kimi, Qubadlıda da Dördüncü Sənaye İnqilabına uyğun olaraq intellektual enerjisistem şəbəkəsi konsepsiyası həyata keçirilərək müasir, dayanıqlı, tam rəqəmsallaşdırılmış yarımstansiya yaradılıb.
Məlumat verilib ki, yarımstansiyanın rəqəmsal idarə edilməsinin prioriteti olan iki əsas məsələ - rəqəmsallaşmaya inteqrə olunan avadanlıqların təmin olunması və idarəetmə üçün informasiya mübadiləsi və aktivlərin onlayn müşahidəsinə imkan verən fiberoptik kabel şəbəkəsinin yaradılması məsələləri həllini tapıb.
"Qubadlı" yarımstansiyasının işçi personalı üçün təhlükəsiz və rahat iş şəraitinin yaradılması məqsədilə müasir texnologiyalar əsasında yeni İdarəetmə Mərkəzi tikilib. Yarımstansiyada iki ədəd 25 MVA gücündə transformator quraşdırılıb. Yarımstansiyanın idarəetmə sistemi müasir tələblərə cavab verən Micro SCADA sistemi yaradılmaqla "Azərenerji"nin mərkəzi SCADA sistemi ilə əlaqələndirilərək birbaşa mərkəzdən idarə edilməsi təmin olunub.
Qeyd edək ki, işğala qədər 38 min nəfərdən çox əhalisi olan, sənaye və digər təsərrüfat sahələri üzrə Qubadlı rayonunun ümumi tələbatı 12 MVt olmaqla bir ədəd 110 kV-luq yarımstansiyadan qidalanıb. 47 mindən çox əhalinin məskunlaşması proqnozlaşdırılan Qubadlıda inkişaf istiqamətləri nəzərə alınmaqla 2040-cı il üçün elektrik enerjisi tələbatının 38 MVt-dan artıq olacağı gözlənilir. Yeni "Qubadlı" yarımstansiyası tikilərkən bu amil nəzərə alınıb.
Qubadlı şəhərinin Baş planı hazırlanacaq
Azərbaycan Prezidenti İlham Əliyev "Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Qubadlı şəhərinin Baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.
Sərəncama əsasən, Qubadlı şəhərinin Baş planının hazırlanması üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ilkin olaraq 500 min manat ayrılıb.
"Azərbaycan Sənaye Korporasiyası"nın 7 müəssisəsi özəlləşdirilməyə açıq elan edilib
Prezident İlham Əliyev "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin aşağıdakı müəssisələri və balansında olan obyektlər özəlləşdirilməyə açıq elan edilib:
1. "ASK Şüşə" Məhdud Məsuliyyətli Cəmiyyəti;
2. "ASK Ayaqqabı Fabriki" Məhdud Məsuliyyətli Cəmiyyəti;
3. "Azəripək" Məhdud Məsuliyyətli Cəmiyyəti;
4. "ASK Tekstil" Məhdud Məsuliyyətli Cəmiyyəti;
5. "ASK İzolit" Məhdud Məsuliyyətli Cəmiyyəti;
6. "ASK Şəki SES" Məhdud Məsuliyyətli Cəmiyyəti;
7. "ASK Şəki Şərab" Məhdud Məsuliyyətli Cəmiyyəti.
Eyni zamanda siyahısı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Cəmiyyətlə razılaşdırılmaqla müəyyən edilən əmlak kompleksləri və qeyri-yaşayış binaları (torpaq sahələri ilə birlikdə), qeyri-yaşayış sahələri də özəlləşdirilməyə açıq elan edilib.
Özəlləşdirilməyə açıq elan edilmiş müəssisə və obyektlərin özəlləşdirilməsi üsulları barədə qərarları, onların xüsusiyyətləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"nın 4.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi qəbul edir. Bu müəssisə və obyektlərin özəlləşdirilməsində yerli investorlarla yanaşı xarici investorların da iştirakına icazə verilir.
İstilik təchizatı obyektlərinin mövsümə hazırlanması tamamlanıb
2021-2022-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqədar "Azəristiliktəchizat" ASC tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq istilik təchizatı obyektlərinin mövsümə hazırlanması ilə bağlı işlərin icrası başa çatdırılıb.
İstilik mövsümünün respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən, digər ərazilərdə, o cümlədən Bakıda noyabrın 15-dən başlanılması və mövsüm ərzində Cəmiyyətə məxsus 554 qazanxana istismar edilməklə 3871 yaşayış binası, 184 minə yaxın mənzil, 281 məktəb, 160 uşaq bağçası, 161 səhiyyə müəssisəsi və 1980 digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur.
Bununla əlaqədar olaraq istilik mövsümündə işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunub, qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənib, nəzarət ölçü cihazlarının, avtomatika və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması işləri aparılıb, magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilib və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunub, qazanxanalar ehtiyat qazan və nasoslarla təmin edilib.
Tədbirlər planına əsasən 554 qazanxana və 90 istilik məntəqəsi kompleks yoxlanılıb, 531 odluq, 931 ədəd qazan aqreqatı əsaslı və cari təmir olunub, 1190 ədəd qazan mexaniki və kimyəvi üsullarla təmizlənib, qazanlarda 1810 kvadratmetr izolyasiya örtüyü və 925 kvadratmetr kərpic örtüyü təmir edilib. İstilik şəbəkələrində 22 min 779 ədəd siyirtmə və ventil təftiş olunub, onlardan 12 min 916 ədədi əsası və cari təmir edilib, 825 ədədi isə yenisi ilə əvəzlənib.
Magistral və məhəllədaxili istilik xətlərində 16 min 732 kvadratmetr istilik örtük qatı, qazanxana və istilik məntəqələrində 11 min 18 kvadratmetr dam örtüyü təmir olunub. Bundan başqa 474 dəst istilik mübadilə qurğusu mexaniki və kimyəvi üsullarla, 590 ədəd kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənib və Na-kationit süzgəclərində 7 ton kationit materialları dəyişdirilib.
İstilik təchizatı sistemində ən vacib sahələrdən birinin magistral istilik xətləri olduğu nəzərə alınaraq 2021-2022-ci illər istilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində bu sahədə də əhəmiyyətli işlər görülüb. Belə ki, 990 kilometr istilik xətləri yuyulub və hidravlik təzyiqə yoxlanılıb, 8400 metrə yaxın məhəllədaxili və magistral istilik xətləri əsaslı təmir olunub, 371 kilometr istilik kəməri təmirdən sonra hidravlik təzyiqə yoxlanılıb.
Bundan başqa 1893 ədəd qoruyucu klapan və 2246 ədəd əks klapan, 515 ədəd ehtiyat su çəni təftiş və təmir edilib, 2970 ədəd çirktutan təmizlənib və cəmiyyətə aid qaz təsərrüfatı təftiş olunaraq cəmiyyətin balansında olan 155 kilometr qaz xətti və 485 ədəd qaz kəsici klapan yoxlanılıb, 1809 ədəd qaz tənzimləyici yoxlanılaraq təmizlənib istismara yararsız olanlar yenisi ilə əvəzlənib.
Cəmiyyətə məxsus 230 qazanxana və istilik məntəqəsində istilik parametrlərinə məsafədən nəzarət sistemi quraşdırılıb ki, bu da Bakı şəhəri və respublikanın regionlarında qazanxana və istilik məntəqələrində texnoloji rejim parametrlərinə uzaqdan nəzarət etməklə qəbul edilən qərarların operativliyinin artırılmasına və yanacaq-enerji resurslarına qənaət etməyə imkan verir.
"Azəristiliktəchizat" tərəfindən ümumilikdə 10 xidmət, o cümlədən istehsal edilmiş isti suyun satışı, istehsal edilmiş istiliyin satışı, abonent məlumatlarının dəyişdirilməsi, abonentə aid ünvan məlumatlarının dəqiqləşdirilməsi, borcun olmaması (və ya olması) haqqında sənədin verilməsi, əhali istehlakçı qrupuna aid olan istehlakçının qeydiyyata alınması, isti su sayğaclarının istismarında yaranmış qüsurun aradan qaldırılması ilə bağlı müraciət, isti su sayğaclarının quraşdırılması üçün müraciət, istilik enerjisi təchizatı sisteminə qoşulmalar üçün texniki şərtlərin verilməsi, qeyri əhali istehlakçı qrupuna aid olan istehlakçının qeydiyyata alınması ilə bağlı xidmətlər "ASAN Kommunal" mərkəzləri vasitəsilə həyata keçirilir.
Payız-qış mövsümünün yaxınlaşması ilə əlaqədar istehlakçılar tərəfindən də yaşayış binaları, mənzillər və sosial obyektlərdə enerji qoruyucu tədbirlər görülməli, binaların ümumi istifadədə olunan hissələrində, pilləkən qəfəsələrində və digər yerlərdə qapı və pəncərələrdən istilik itkilərinin qarşısının alınması üçün işlər aparılmalı, binadaxili və mənzildaxili istilik sistemləri təkrar yoxlanılmalı, istilik sistemlərində yaranmış su sızmaları və axıntılar dərhal aradan qaldırılmalı, əvvəlki mövsümdə istilikvermə qabiliyyəti zəif olan qızdırıcı cihazlar yuyularaq təmizlənməli və ya yenisi ilə əvəzlənməli, köhnə polad borulardan olan dik dayaqlarda tutulma halları müşahidə olunduğu zaman həmin dik dayaqlar yenisi ilə əvəz olunmalıdır.
Azərbaycan nefti bu ilin rekordunu təzələyib
Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 25-də (88,19) qeydə alınıb.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 20-də (87,13) qeydə alınmışdı. Ekspertlərin fikrincə, neftin bahalaşmasının səbəblərindən biri bu həftənin sonunda Avropa İttifaqı ilə İran arasında danışıqların keçirilməsinə dair xəbərlərin yayılması olub.
Yaşayış minimumu və ehtiyac meyarı artırılır
2022-ci ilin dövlət büdcəsində yaşayış minimumunun həddi 205 manat məbləğində müəyyən ediləcək. Bu, "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. 2022-ci il üçün yaşayış minimumu 205 manat məbləğində proqnozlaşdırılır ki, bu da 2021-ci illə müqayisədə 9 manat çoxdur. 2021-ci ildə yaşayış minimumu 196 manat olub.
"Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsinə əsasən isə gələn il ehtiyac meyarının həddi 200 manat məbləğində müəyyənləşdirilir. Ötən il ehtiyac meyarının həddi 170 manat olub.
Manatın məzənnəsi necə olacaq?
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın məzənnəsi, ölkədə yenidən devalvasiya olacağı barədə fikirlərə münasibət bildirib. Bu barədə qurumun sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında bildirib:
"Biz medianı izləyirik. Mənə də maraqlıdır ki, belə başlıqlarla yazılan xəbərlər haradan yaranır. Bu iddiaların heç biri peşəkar şəxslərin deyil. Mövcud makroiqtisadi şərait iqtisadi inkişafı dəstəkləyir. Biz tədiyyə balansında əhəmiyyətli profisit gözləyirik. Bildiyiniz kimi, beynəlxalq təşkilatlar neftin qiyməti proqnozunu əhəmiyyətli dərəcədə qaldırıb. Bu gün Milli Məclisdəki sənədlər İqtisadi Şurada müzakirə olunub.
Manatın məzənnəsinə heç bir təhdid və təzyiq yoxdur. Əksinə, manatın məzənnəsinin möhkəmlənməsinin əhəmiyyətli təzyiqi var. Bu, bizim iqtisadi strategiyamıza uyğun deyil. Ona görə də ilin sonuna qədər bu təzyiqin azalması gözlənilir. Əhalini belə qeyri-professional yazılarla həyəcanlandırmaq lazım deyil. Mən hamını ciddi sosial məsuliyyətə dəvət edirəm".
O bildirib ki, Azərbaycanın valyuta bazarı sabitdir və manatın məzənnəsinin dayanıqlığına heç bir təhdid yoxdur. Onun sözlərinə görə, manatın dayanıqlığı artıb və AMB tərəfindən manatın devalvasiyası ilə bağlı heç bir qərar verilməyəcək və hətta manata mövcud olan təzyiqlər tədricən səngiyir.
Qeyd edək ki, son günlər manatın yenidən ucuzlaşacağı, yanvardan 1 dolların 2 manat olacağı iddiaları ortaya atılıb. Medianın yazdığına görə, Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Türkiyənin milli valyutasının ardıcıllıqla ucuzlaşması və daxili bazarda da müşahidə edilən dəyişikliklər manatın ucuzlaşma risklərini gündəmə gətirib.
Xatırladaq ki, Maliyyə Nazirliyinin açıqladığı 2022-2025-ci illər üzrə makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə əsasən 2022-ci ildə dolların məzənnəsinin son 3 ildə olduğu kimi 1,7 manat həddində qalacağı gözlənilir.
2022-ci ildə sosial sahəyə 4 milyard manata yaxın pul ayrılacaq
Azərbaycanda gələn ilin dövlət büdcəsindən sosial sahəyə 3.565 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu barədə "Azərbaycan Respublikasının 2022-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, sosial müdafiəyə 310.043 milyon manat, sosial təminata 5.243 milyon, sosial müdafiə və sosial təminat sahələri üzrə digər müəssisə və tədbirlərə isə 3.250 milyard manatın ayrılması nəzərdə tutulur.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri, rəsmi proqnozlara əsasən, 2021-ci illə müqayisədə 5,4 faiz artaraq 26,82 milyard manat təşkil edəcək.
Dövlət büdcəsinin xərcləri isə gələn il 29,89 milyard manata bərabər olacaq. Bu, 2021-ci illə müqayisədə 4,7 faiz çoxdur.
Mərkəzi Bank uçot dərəcəsini artırıb
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 8% səviyyəsində müəyyən olunub.
Uçot dərəcəsinə dair qərar iqtisadiyyatda inflyasiya təzyiqinin qalması, ona təsir edən amillərin təsirinin dayanıqlığı, dünya bazarlarında qiymətlərin artımı, ticarət tərəfdaşı ölkələrində yüksək inflyasiya səviyyəsi və inflyasiya gözləntilərinin yüksəlməsi əsasında qəbul edilib.
Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar iqtisadiyyatın qısa və ortamüddətli dövrdə inkişaf perspektivləri, habelə inflyasiyanın risk balansında dəyişikliklər nəzərə alınmaqla qəbul ediləcək.