BAKI, 31 oktyabr — Sputnik. Azərbaycan vətəndaşlarının COVID-19 pasportu İngiltərədə tanınacaq. Sputnik Azərbaycan-ın xəbərinə görə, Britaniya hökumətinin saytının yaydığı məlumata görə, 1 noyabr 2021-ci il tarixdən etibarən "Oxford-AstraZeneca", "Pfizer-BioNTech", "Moderna" və "Johnson&Johnson" peyvəndlərinin hər iki dozasını qəbul etmiş Azərbaycan vətəndaşlarının vaksin pasportu İngiltərə hökuməti tərəfindən qəbul ediləcək.
Tələblərə görə, sərnişinlər peyvəndin ikinci dozasını səyahətdən azı 14 gün əvvəl qəbul etməlidirlər. Eyni zamanda vaksin sertifikatları ingilis dilində olmalı, şəxsin adı, doğum tarixi, vaksini nə zaman və harada qəbul etdiyi ilə bağlı məlumatlar öz əksini tapmalıdır. Azərbaycandan səyahət edən şəxslər İngiltərəyə daxil olarkən sərnişin lokator formaları doldurmalı, İngiltərəyə çatdıqdan iki gün sonra isə PCR və ya "lateral flow" test adlanan daha ucuz testlərdən verərək neqativ nəticə almalıdırlar.
Xatırladaq ki, bu qərara qədər Azərbaycanın vaksin sertifikatları Britaniyada keçərli olmadığı üçün səyahət edən şəxslər İngiltərədə azı 5 gün karantin rejiminə əməl etməli idilər.
Məlumat üçün onu da qeyd edək ki, bu ilin iyun ayının 7-dən Azərbaycanda yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədilə vətəndaşlar "Pfizer" vaksinindən də istifadə edə bilirlər. Hazırda ölkəmizdə koronavirusa qarşı 4 növ vaksin tətbiq edilir. Bunlar "Pfizer", "AstraZeneca", "Sinovac" və "Sputnik V" vaksinləridir.
Qeyd edək ki, "Pfizer" vaksini Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınıb.