BAKI, 30 oktyabr – Sputnik. Ötən il Oktyabrın 30-da Vətən müharibəsinin qızğın döyüşlərin getdiyi 34-cü gününə təsadüf edib.
Sputnik Azərbaycan xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 29-undan 30-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.
Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb.Düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar olub.
Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd Su-25 təyyarəsi, 3 ədəd T-72 tankı, 1 PDM, 2 ədəd “Smerç” və 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 10 ədəd müxtəlif tipli topu, 2 ədəd “Qvozdika” özüyeriyən haubitsası, 1 ədəd “Osa” ZRK, 1 ədəd P-18 radiolokasiya stansiyası, 4 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Oktyabrın 30-u saat 07:35-dən başlayaraq mənfur düşmən Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisini, habelə Ermənistanın Gorus rayonu ərazisindən Qubadlı şəhərini artilleriya atəşinə tutub. Ordumuz tərəfindən adekvat tədbirlər görülüb.
Oktyabrın 30-da saat 20:25 radələrində cəbhənin Ağdam istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus 1 ədəd “Osa” ZRK bölmələrimiz tərəfindən məhv edilib.
Daha sonra ordumuz tərəfindən Bərdə və Tərtər şəhərlərinə raket hücumlarını həyata keçirən 3 ədəd “Smerç” yaylım atəşli reaktiv sistem məhv edilib.
Prezident İlham Əliyev “Twitter” hesabında paylaşım edib:
“Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vecnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”