BAKI, 29 oktyabr — Sputnik. Bərdədə 13 ailənin yaşadığı 1 bərtəbəli yaşayış binasında güclü yanğın baş verib. Hadisə yerinə FHN-nin Dövlət yanğından Mühafizə Hissəsinin 5 yanğın söndürən maşını və xeyli sayda canlı qüvvəsi cəlb edilib. İlkin ehtimallara görə hadisənin yaşayış olmayan mənzildə elektrik naqillərindəki qısaqapanma səbəbindən baş verdiyi deyilir.
"Evdə oturmuşduq. Gördüm qonşu qəfil qışqırdı. Çıxdıq çölə ki, ev yanır. Tez qaçdıq ki, su tökək söndürək. Baxdıq ki, su tökmək mümkün deyil".
Bərdədə yanğının baş verdiyi ərazi
© Sputnik / Emin Alisahib
Bu sözləri Bərdədə gecə saatlarında 13 ailənin yaşadığı binada baş verən yanğın zamanı hadisə şahidlərindən olan Natavan Abbasova Sputnik Azərbaycana açıqlamasında deyib. Yaşayış binasındakı güclü yanğından danışan zərərçəkən bildirib ki, yanğın evində yaşayış olmayan 3 ailənin evindən başlayıb.
Bərdədə yanğının baş verdiyi ərazi
© Sputnik / Emin Alisahib
" Üç ailə burada yaşamır. Yanğın oradan başladı, alov qapıdan bizi vurdu. Paltar götürmək üçün qaçırdım ki, nəsə partladı. Uşaq beşikdə idi, onu götürüb çölə qaçdıq. Yanğın bir anda o qədər sürətləndi ki, hamımız ancaq canımızı götürüb çıxa bildik".
Nətavan Abbasova
© Sputnik / Emin Alisahib
Hadisə şahidlərinin sözlərinə görə bina qəzalı olduğundan, vəziyyət bir az da çətinləşib. Yanan evlərin taxta konstruksiyadan ibarət olması alovun ram edilməsinə və FHN-nin Bərdə rayon Yanğından Mühafizə hissəsinin işinə müəyyən qədər çətinlik yaradıb. O səbəbdən də hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Hissəsinin 5 yanğın söndürmə maşını və xeyli sayda canlı qüvvəsi cəlb edilib. Bina sakinləri dərhal təxliyə olunub.
Bərdədə yanğının baş verdiyi ərazi
© Sputnik / Emin Alisahib
Zərərçəkənlərdən Vaqif Əhmədov hadisənin şokundan hələ də ayıla bilmədiklərini deyib. Onun sözlərinə görə, binadakılar canlarını son anda xilas edə biliblər.
"Biz də həmin binada yaşayırıq. Uşaqlar məlumat verdi ki, ev yanır. Çıxdıq çölə, baxdıq ki, bina təmiz yanır amma heç nə edə bilmədik. Bütün bina yandı. Qəzalı bina idi, FHN-nin əməkdaşları gələndə, artıq bina yanmışdı. Düzdür, yanğını söndürdülər. Amma gec idi. Bina köhnə olduğundan, alışan kimi də kül oldu".
Vaqif Əhmədov -zərərçəkən
© Sputnik / Emin Alisahib
Hadisə nəticəsində 4 otaqlı evi yanan Bəhruz Yusifovun sözlərinə görə yanğın başlayan andan dayanmadan miqyası genişlənib:
"Evimiz 4 otaqlı idi. Bir andaca kül oldu. Qonşuda yaşanmayan mənzildən alov çıxdı. Yanğın oradan başladı. Biz canımızı qaçıb qurtardıq. Yalnız ailəmizi, uşağımızı çölə çıxarda bildik. Hər şey qaldı evin içində. İnanırsınız, qonşudan paltar alıb, geyinmişəm. Bir neçə dəqiqə geciksək, özümüz də yanardıq".
Yusif Bəhruzov - zərərçəkən
© Sputnik / Emin Alisahib
Yanğın prosesi bir necə saat davam edib. Hadisə yerinə rayon icra hakimiyyəti başçısı Vidadi İsayev və rayon polis şöbəsinin rəisi Muradəli Babayev də gəlib. FHN-nin Bərdə rayon Yanğından Mühafizə Hissəsinin rəisi Ramiz Abbasov yaşayış binasında başlayan yanğının söndürülməsinə nail olunması üçün hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Hissəsinin 5 yanğın söndürmə maşını və xeyli sayda canlı qüvvəsinin cəlb edildiyini bildirib.
Ramiz Abbasov - Bərdə Yanğından Mühavizə Hissəsinin rəisi
© Sputnik / Emin Alisahib
"Saat 12:43-də Heydər Əliyev prospektində yaşayış evlərinin yanması ilə bağlı Bərdə rayon dövlət yanğından mühafizə hissəsinə məlumat daxil oldu. Dərhal hadisə yerinə yollandıq. Məlum oldu ki, ümumi sahəsi 640 kvadratmetr olan 13 fərdi yaşayış evi alışıb. Ara kəsmələr, yanar konstruksiyadan ibarət olan yaşayış evləri tamamilə alov içində idi. İki istiqamətdən - Nüşabə küçəsi və Heydər Əliyev prospektindən yanğının söndürülməsi işinə yanğınsöndürmə maşınlarını cəlb etdik. Söndürülmə prosesi yekunlaşdı".
Qeyd edək ki, yaşayış binasının yanar konstruksiyaları, arakəsmə divarları taxtadan, kərpicdən, dam örtüyü qır və qamışdan ibarət olduğundan, yanğının söndürülməsində çətinliklər yaranıb. Bitişik tikililər yanğından mühafizə olunub. Yanğın nəticəsində bina tamamilə sıradan çıxsa da, xoşbəxtlikdən xəsarət alan olmayıb.