TƏHSİL

İki yüz azərbaycanlı dövlət xətti ilə xaricdə təhsil alacaq

Ümumilikdə, 36 nəfər doktorantura, 143 nəfər magistratura, 21 nəfər isə bakalavriat səviyyələrində təhsil almaq hüququ qazanıb.
Sputnik
BAKI, 29 oktyabr — Sputnik. Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2021-2022-ci tədris ili üzrə ümumilikdə 200 azərbaycanlı dünyanın 6 müxtəlif ölkəsində 41 nüfuzlu ali təhsil müəssisəsində müxtəlif ixtisas istiqamətləri üzrə təhsil almaq hüququ qazanıb. Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, HTP çərçivəsində xaricdə təhsil almaq hüququ qazanmış tələbələrin 148-i Macarıstan, 21-i Çin Xalq Respublikası, 10-u Latviya, 15-i Türkiyə Respublikası (YTB xətti ilə doktorantura), 3-ü Rumıniya və 3-ü Rusiya Federasiyasında oxumaq hüququ qazanıb. Ümumilikdə, 36 nəfər doktorantura, 143 nəfər magistratura, 21 nəfər isə bakalavriat səviyyələrində təhsil almaq imkanı əldə edib.
Tələbələrin qəbul olunduğu universitetlər sırasında "Budapest University of Technology and Economics", "Corvinus University of Budapest", "Eötvös Loránd University", "MGIMO University", "Riga Technical University" və "İstanbul Üniversitesi" üstünlük təşkil edir.
Qeyd edək ki, HTP çərçivəsində təhsil alacaq təqaüdçülərdən biri dünya universitetlərinin beynəlxalq reytinq cədvəlində 28-ci sırada olan "Tsingua University" (Çin Xalq Respublikası) ali təhsil müəssisəsinə qəbul olub.