CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda intensiv şəkildə erməni dilinin öyrənilməsinə başlanılıb – Səbəb?

Erməni dili kurslarının əsas dinləyiciləri Dövlət Təhlükəsizlik Xidmətinin, Xarici İşlər Nazirliyinin əməkdaşları, sərhədçilər, jurnalistlər və digər peşə sahibləridir.
Sputnik
BAKI, 29 oktyabr — Sputnik. Qırx dörd günlük Vətən müharibəsindən sonra Azərbaycanda erməni dilini öyrənməyə maraq göstərənlərin sayı artıb. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Universitetinin Qafqazşünaslıq kafedrasının pedaqoqu Hüseyn Əsgərov məlumat verib.
O etiraf edib ki, kursa müraciətlərin sayı həddən artıq çox olduğundan, arzu edənlərin hamısını qəbul etmək mümkün olmur, buna nə vaxt, nə də imkan çatır. Hətta bəzən məşğələləri axşamın gec saatlarında, universitetdə əsas iş başa çatandan sonra keçirməli olurlar. Onun sözlərinə görə, belə məşğələlər adətən, məsafədən təşkil edilir.
Xatırladaq ki, bir qədər öncə Azərbaycan Dövlət İqtisad Universiteti bu ali məktəbin nəzdində erməni dili kursunun açıldığını elan etmişdi. Həmin kursu da bilavasitə Hüseyn Əsgərov aparır. Kursun məqsədi azərbaycanlı tədqiqatçılara erməni mətbuatını dərindən araşdırmaq, Ermənistanda gedən iqtisadi prosesləri yaxından izləmək imkanı yaratmaqdır.
"Erməni dilini öyrənmək istəyənlərin hamısını öz qrafikimə daxil edə bilmirəm, bununla belə, bizə bu dili bilən mütəxəssislər lazımdır", – deyə pedaqoq vurğulayır.
Əsgərov məşğələləri həftədə üç dəfə keçirir. Adətən, erməni dili kursunun dinləyiciləri Dövlət Təhlükəsizlik Xidmətinin, Xarici İşlər Nazirliyinin əməkdaşları, sərhədçilər, jurnalistlər və digər peşə sahibləri olurlar.
Dərslər yalnız tələbələr üçün pulsuz keçirilir. Digər arzu edənlər üçün kursun qiyməti aylıq 60-120 manat arasında dəyişir.
"Gələcəkdə universitetin nəzdində daha təkmil formada – erməni danışıq dili kursu açmağı planlaşdırırıq. Hazırda yalnız başlanğıc səviyyə öyrədilir – əlifba, qrammatika və s. Ancaq elə tələbələr də var ki, onlar artıq baza biliklərinə sahibdirlər. Onlara orta səviyyəli dərslər keçirilməlidir", – deyə Əsgərov vurğulayır.
Pedaqoq deyir ki, erməni dilində baza səviyyəsinə 8-9 ay ərzində yiyələnmək olar, ancaq bu dili yaxşı mənimsəmək üçün ən az iki il tələb olunur.
Hər il 30-40 tələbə erməni dili üzrə müəyyən səviyyə əldə edərək universiteti başa vurur və onların təxminən yarısı özünə iş tapa bilir. Onlar əsasən erməni dilində bölmələri olan informasiya saytlarına işə düzəlirlər. Bundan başqa, silahlı qüvvələrdə də qonşu xalqın dilini bilən kişilərə ehtiyac böyükdür.
Əsgərov deyir ki, o özü erməni dilini uşaq vaxtı öyrənib. Belə ki, o, Ermənistanda doğulub boya-başa çatıb. Bu dilin qrammatikasını da elə orada məktəbdə oxuduğu vaxt mənimsəyib.
"Mən sürücülük kursunu da erməni dilində keçmişəm. Həmin vaxt ətrafımdakıların hamısı ermənilər idi. İnsan istər-istəməz orada bu dili öyrənir. İngilis dili müəllimi işləyirdim. 1988-ci ildə Azərbaycana gəldim. İki il sonra işə qəbul üçün Azərbaycan Universitetinə ərizə verdim. Həmin vaxt məni ingilis dili müəllimi kimi işə götürdülər. Bir neçə il sonra, 2011-ci ildə universitetin nəzdində erməni dili kursu açıldı", – deyə Əsgərov nəql edir.
O, Azərbaycanda erməni dili üzrə dərs vəsaitlərinin olmadığını nəzərə alaraq, özü dərslik yazmağa başlayıb. Əsgərov erməni dili kursları üçün qrammatika üzrə dərs vəsaitlərinin, müxtəlif oxu materiallarının müəllifidir. Hazırda o, azərbaycanca-ermənicə lüğət üzərində işləyir.