BAKI, 28 oktyabr — Sputnik. Vətən müharibəsi şəhidi, polkovnik Babək Səmidlinin adından "Instagram" sosial şəbəkəsində saxta səhifə açıb insanların etibarından sui-istifadə edərək pul yığılması ilə bağlı Daxili İşlər Nazirliyinə edilən çoxsaylı müraciətlər əsasında araşdırmalara başlanılıb.
Bu barədə Sputnik Azərbaycan-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Bununla əlaqədar həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində müəyyən edilib ki, həmin səhifə Bərdə rayon sakini, yetkinlik yaşına çatmamış şəxs tərəfindən yaradılıb.
Saxlanılaraq baş idarəyə gətirilən həmin şəxs "Instagram" sosial şəbəkəsində "sehid_polkovnik_babek_semidli" adlı səhifə yaratdığını etiraf edib.
Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs səhifədə şəhidlərin adına ehsan veriləcəyi ilə bağlı elan yerləşdirərək izləyicilərdən pul toplayıb. Yeniyetmə yardım məqsədilə ona müraciət edən sosial şəbəkə istifadəçilərinə bank kartı göndərərək pulun ora köçürülməsini tələb edib. Daha sonra o, pulları kartdan çıxararaq nağdlaşdırıb və şəxsi istifadəsi üçün xərcləyib.
Şübhəlinin yaşadığı mənzilə baxış keçirilən zamanı iş üzrə əhəmiyyət kəsb edən elektron məlumatlar, istifadəsində olan mobil telefon, həmçinin digər məlumat daşıyıcıları aşkar olunaraq götürülüb.
Qeyd olunan faktın tam, hərtərəfli araşdırılması istiqamətində araşdırmalar davam etdirilir.