BAKI, 28 oktyabr — Sputnik. "Ermənistan hökuməti istər Birinci Qarabağ müharibəsində, istər 44 günlük Vətən müharibəsində, istərsə də rayonlarımızda dinc sakinlərimizə qarşı edilmiş terror aktlarına görə cavab verəcək və verməlidir də”. Bu sözləri Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev jurnalistlərə açıqlamasın da deyib.
“Bu, böyük bir cinayət hadisəsidir. Azərbaycan dövləti bu hadisələri unutmur və unutmayacaq da”.
Millət vəkili bildirib ki, bu gün Bərdə və digər rayonlarda dinc sakinlərə qarşı törədilən terror aktına görə beynəlxalq məhkəmələrə müraciət edilib və iş artıq icraatdadır.
“Düşmən döyüş meydanında Azərbaycan ordusu qarşısında tab gətirməyərək, geri çəkildi və evində rahat yatmış Gəncə mülkü insanlarına, Tərtər mülkü insanlarına, Naftalan, Beyləqan və Bərdə insanlarına qarşı terror, qanlı hadisə törədib. Heç kim sanmasın ki, bu hadisələr cavabsız qalacaq. Ermənistanın ordu rəhbərliyi, siyasi rəhbərliyi bu hadisələrə görə cavab verəcək”.
Qeyd edək ki, 2020-ci il oktyabrın 28-də saat 13.00 radələrində Ermənistan silahlı qüvvələri cəbhə xəttindən uzaqda yerləşən Bərdə şəhərinə beynəlxalq hüquqla qadağan olunmuş kasetli bombalardan istifadə etməklə zərbələr endirib.
Dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə zərbələr endirilməsi nəticədə 20 nəfər həlak olub, 82-nəfər mülkü şəxs yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.