İşğaldan azad olunan ərazilərimiz üzrə iş vakansiyaları elan olunub. Hazırda məşğulluq altsistemindəki vakansiya bankında işğaldan azad olunan Şuşa, Laçın, Zəngilan, Cəbrayıl əraziləri üzrə aktiv vakansiya və iş imkanları mövcuddur. Bunu Dövlət Məşğulluq Agentliyinin Sosial tərəfdaşlarla iş departamentinin müdiri Fatimə Ələkbərova mətbuata açıqlamasında deyib.
Qeyd edək ki, Cəbrayıl rayonunda poçtalyon işi üçün 250 manat, poçt üzrə əməliyyatçı üçün 255 manat, kargüzar üçün 260 manat, dərzi və dizayner üçün 500 manat, Laçın rayonunda yük avtomobili sürücüsü üçün 350 manat, ekskavator operatoru üçün 650 manat, Şuşada fəhlə üçün 350, usta işi üçün 300 manat, Zəngilanda topoqraf köməkçisi üçün 350 manat, anbardar və gözətçi-mühafizə işi üçün 420 manat, anbardar-təchizatçı üçün 450 manat, baş gözətçi-mühafizəçi üçün 500 manat, elektrik mühəndisi üçün 650 manat, sahə rəisi üçün 1700 manat əmək haqqı nəzərdə tutulub. İnternetə çıxışı olmayan vətəndaşlar öz əraziləri üzrə məşğulluq filiallarına yaxınlaşaraq vakansiyalar barədə məlumat əldə edə bilərlər.
Məsələ ilə bağlı iqtisadçı Eyyub Kərimli Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, burada müəyyən maaşlar qaneedicidir, müəyyən maaşlar isə çox aşağıdır: "Minimum əməkhaqqı ilə gedib orada qalmaq, işləmək çətin olacaq, bu maaşlar artırılmalıdır. Amma digər tərəfdən, həmin rayonların işsiz olan sakinləri bu işlərə cəlb olunsalar, məqsədəuyğun olardı. Əməkhaqlarını orada çalışacaq özəl şirkətlər təyin edirsə, bu, azdır və inanmıram ki, orada işçi yığmaq rahat olsun".
O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə ilk növbədə inşaat sahəsində çalışan mütəxəssislərə, mühəndislərə, memarlara, bərpa işləri ilə bağlı yük avtomobili sürücülərinə və s. ehtiyac olacaq: "Düşünürəm ki, növbəti mərhələdə kənd təsərrüfatı mütəxəssisləri buraya cəlb ediləcəklər. Hazırda daha çox inşaat sektorunda çalışanlara və infrastruktur sahəsi üzrə mütəxəssislərə ehtiyac var".
Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyinin rəsmisi əlavə edib ki, istər xidmət, istərsə də istehsal sahəsi üzrə vakant yerlər var və sayı kifayət qədərdir: "Yüksək maaşlı vakant yerlər ixtisaslı kadrlar üçün nəzərdə tutulub. Bu vakant yerlərə kifayət qədər iş təcrübəsi olan şəxslər tələb olunur. Göndərişlərin həyata keçirilməsini təşkil edirik. Artıq 10 gün ərzində 6 nəfər işğaldan azad olunmuş ərazilərimizdə işlə təmin olunub. Vakant yerlər üzrə minimum əmək haqqı 250 manat, maksimum əmək haqqı isə 1700 manatdır".