SƏHİYYƏ

Alimlər COVID-19-u əqrəb zəhəri ilə müalicə etməyi təklif ediblər

Sputnik
BAKI, 28 oktyabr — Sputnik. Şotlandiyanın Aberdin və Misirin Süveyş kanalı universitetlərinin alimlərinin fikrincə, əqrəb zəhəri COVID-19-a qarşı yeni dərmanlar üçün əsas ola bilər. Onlar infeksiya ilə mübarizə aparmaq məqsədilə zəhərlərin potensialını öyrənmək üçün layihəyə başlayıblar. Bu barədə daha ətraflı Aberdin Universitetinin saytında məlumat verilib.
Əqrəblərin zəhərləri bioloji aktiv peptidlərdən ibarətdir, onlardan bəziləri antibakterial və antivirus xüsusiyyətlərinə malikdir. Tədqiqatçılar hesab edirlər ki, bu antivirus peptidlər koronavirusa qarşı yeni dərmanların əsasını təşkil edə bilər.
Tədqiqatçılar artıq vəhşi təbiətdə tutulmuş müxtəlif növ əqrəblərin zəhərindən nümunələr toplayıblar. Bu materiallar zəhərin peptid tərkibi haqqında çoxlu faydalı məlumatlar əldə etməyə imkan verəcək. Zəhərin toksinlərdən təmizlənməsindən sonra virusa qarşı maddələrin ayrılması və fermentlərin köməyi ilə modifikasiya edilməsi, sonra isə dərman kimi sınaqdan keçirilməsi planlaşdırılır.
Alimlər ümid edirlər ki, onların işləri bir çox kəşflərə səbəb olacaq - əqrəb zəhəri az öyrənilib, ancaq COVID-19-la və digər infeksiyalarla mübarizə aparmaq üçün böyük potensiala malikdir.