BAKI, 27 oktyabr — Sputnik."Türkiyə bundan sonra da Azərbaycandakı layihələrə, xüsusilə də Qarabağda bərpa işlərinə investisiya qoymağa hazırdır.
Sputnik Azərbaycan Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyası nəzdində İnvestisiyalar idarəsinin rəhbəri Əhməd Burak Dağlıoğlu çərşənbə günü İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) təşkilatçılığı ilə Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, birbaşa xarici investisiyalar ölkə iqtisadiyyatının inkişafına xidmət edir:
"Biz 2003-cü ildən transsərhəd layihələrini dəstəkləyirik. Bu dövrdən başlayaraq investisiyalarımız 3 milyard dolları ötüb, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin payı 50 faizdən çox təşkil edib. Hesab edirik ki, İƏT ölkələrinin potensialı indikindən daha yüksəkdir. Biz bu ölkələr arasında investisiyaları təşviq etməliyik".