BAKI, 27 oktyabr — Sputnik. İraq xarici işlər nazirinin köməkçisi Əhməd Sahhaf ailələri İŞİD terror qruplaşmasına üzv olan 38 uşağın İraqdan Azərbaycana təhvil verildiyini açıqlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu haqda məlumatı İraq mediası yayıb.
İŞİD terrorçuları 2014-cü ildə Mosul, Salahaddin, Enbar vilayətlərini ələ keçirsələr də daha sonra həmin ərazilər terror qruplaşmasından geri alınıb.
Həmin dövrdə İraq Baş naziri Heydər Əl-İbadi 9 dekabr 2017-ci ildə İŞİD-ə qarşı zəfər qazandıqlarını bildirib.
Qeyd edək ki, İraqdan Azərbaycan vətəndaşlarının ölkəmizə repatriasiyası istiqamətində ölkə rəhbərliyinin tapşırığı ilə 2017-ci ildən başlanılmış təxliyə prosesinin nəticəsi olaraq, İraq həbsxanalarında, uşaq evlərində yaşayan ümumilikdə 2018-ci ildən hesabat dövrünün sonunadək 248 nəfər azyaşlı (yalnız 2020-ci ildə isə 194 nəfər azyaşlı) Azərbaycan Respublikasının vətəndaşı olan uşaqlar ölkəmizə repatriasiya edilib.
Onlar müvafiq reabilitasiyadan sonra ölkəmizdəki yaxınlarının himayəsinə verilib.