BAKI, 27 oktyabr — Sputnik. Ötən ilin bu günü, yəni oktyabr ayının 27-də Qarayusifli kəndində qəfil güclü partlayış səsi eşidilir. Və kasetli bombalar mülki əhalinin üzərinə yağmağa başlayır. Bir yerdə oynayan iki azyaşlı Aysu və Tahirə bacıları da ermənilərin atdığı "smerç" tipli raketin kasetli bombalarının hədəfinə tuş gəlir. Qanlar içərisində yerdə yatan bacılardan birinin, yəni ailənin kiçik övladı olan Tahirənin həyatını xilas etmək mümkün olsa da Aysu aldığı qəlpə yarasından elə yerindəcə həlak olur. 2-ci sinif şagirdi Aysu İskəndərova yelləndiyi yelləncəkdə düşmənin atdığı qadağan olunmuş raketin qəlpələrinə tuş gəlib və elə yerindəcə həyatını itirib. Atası Rövşən İskəndərov danışır ki, hadisə baş verən vaxtı o da kənddə olub. "Hadisə baş verən gün, oktyabrın 27-si günü biz kənddə atamla işləyirdik. Bu zaman partlayış səsi eşitdik. Elə bildik ki, bizimkilər atılan raketi göydə vurub partlatdılar. Aradan 6-7 saniyə keçməmiş, kəndə kasetli bombalar töküldü. Mən oradan təxminən istiqaməti bildim ki, bizim ev tərəfə tökülüb. Elə bilirdim, bircə bizim qapıya tökülüb. İşlədiyim yerdən tez çıxıb evə gəldim".
Bərdənin Qarayusifli kəndində həlak olan Aysu İskəndərovanın fotoları
© Emin Alisahib
Evinə tələsən ata, burada gördüyü mənzərədən dəhşətə gəlir. O deyir ki, əvvəl öz həyətlərinə gedib. Uşaqlarını orda tapa bilməyib. Sonra üz tutub, qonşulara. "Gəldim ki, uşaqlar yoxdur. Keçdim qonşu İnqilab dayıgilə, gördüm ki, orda da bizim uşaqlar yoxdur. Dəli kimi olmuşdum. Uşaqların heç birini tapa bilmirdim. Yola yüyürdüm, orada kimsə mənə dedi ki, sizin uşaqlar Məhəmməd dayıgildədir".
Burada qarşılaşdığı mənzərə onun həyatını alt-üst edir. Deyir, "yatsam yuxuma da gəlməzdi ki, gülə-gülə qoyub getdiyim balamın cansız bədəni ilə qarşılaşaram". O, son ümid itənə qədər Aysunu xilas etməyə çalışır. Amma artıq gec olduğundan, balasının cansız bədəni qucağında, hadisənin baş verdiyi ünvana geri dönür.
"Gəldim ki, uşaqların ikisi ayaq üstədir, Aysu isə uzanmış vəziyyətdə. Apardım xəstəxanaya, dedim bəlkə həyata qaytara bilərik. Amma gec idi, balam artıq həyatını itirmişdi".
Aysu 2-ci sinifdə oxuyurdu. Onun arzuları vardı. Atası deyir ki, hələ yaydan məktəbə getmək üçün hazırlaşmışdı. Elə hadisə baş verən gün də sonuncu dəfə məktəb üçün aldığı kitab-dəftəri, çantasını səliqəyə salıb. Son dəfə həsrətlə onları süzür və oynamaq üçün həyətə çıxır.
Bərdənin Qarayusifli kəndində həlak olan Aysu İskəndərovanın fotosu
© Sputnik / Emin Alisahib
Atası deyir ki, hadisədən sonra Aysunun çantasını da, dəftər-kitablarını da balaca mələyin məzarı üstünə qoyub. "Məktəb paltarını, çantasını aldıq ki, gedəcək məktəbə. Amma karantin vaxtı oldu deyə getmədi. Heç gedə də bilmədi. Çantası, dəftəri, qələmi, nəyi varsa, hamısını aparıb qoymuşam məzar daşının üstünə".
Gözünün ilki olan Aysunu yerə-göyə sığdıra bilməyən ata indi onun xatirələri ilə yaşamaq məcburiyyətindədir.
"O mənim ilk övladım idi. İkinci sinifdə təhsil alırdı. Çox günahsız idi. Mən onun həlak olduğu yerə gedib, baxa bilmirəm. Oradan keçə bilmirəm. Aysu bu yellənçəkdə yelləndiyi zaman aldığı qəlpə yarasından həyatını itirdi. Bu isə bir daha ermənilərin vəhşi, barbar, terrorçu olduğunu sübuta yetirir. Elə olmasaydı, dinc sakinləri hədəfə almazdı", - Aysunun atası deyir.
Onun sözlərinə görə, 27 oktyabrda təkcə Aysu yox, hadisə yerində olan azyaşlı bacısı Tahirə də həyatını itirə bilərdi:
"Üç qızım vardı. Hadisə baş verən günü uşaqların üçü də orada olub. Yelləncəkdə oynayarkən gəlib düşüb, onların yaxınlığına. Aysu elə yerindəcə ölmüşdü. Balaca qızım da ayağından yaralanmışdı. Xoşbəxtlikdən ortancıl qızıma heç nə olmamışdı".
Bərdənin Qarayusifli kəndində həlak olan Aysu İskəndərovanın məzarı üstündə məktəb çantası
© Sputnik / Emin Alisahib
Rövşən İsgəndərov deyir ki, ermənilər bizim ordumuza tab gətirə bilmədi. Dinc əhalini təşvişə salmaq üçün raket atəşinə tutdular. Amma niyyətləri baş tutmadı.
"Allah ordumuza dəyməsin. Allah prezidentimizə dəyməsin. Allah şəhidlərimizin hamısına rəhmət eləsin. Qazilərimizin canı sağ olsun", - deyir.
Qeyd edək ki, Bərdə rayonu və şəhər mərkəzi 44 günlük vətən müharibəsi dövründə ümumilikdə 5 dəfə (5, 8, 27, 28 oktyabr və 7 noyabrda) Ermənistan Silahlı Qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz qalıb. Nəticədə 29 nəfər mülkü şəxs həlak olub, 108 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.