BAKI, 27 oktyabr — Sputnik. Ermənistan, Rusiya və Azərbaycan baş nazir müavinlərinin regionda kommunikasiyaların açılmasına dair işçi qrupu istifadəsinə başlanması gözlənilən dəmir yollarının xəritəsi üzrə konsensusa yaxınlaşıb.
Sputnik Azərbaycan bildirir ki, bunu Ermənistan baş nazirinin müavini Mger Qriqoryan oktyabrın 27-si, çərşənbə günü parlamentdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, avtomobil magistralları üzrə xəritələr üzrə məsləhətləşmələr isə ölkələr arasında hələ davam edir.
"Yollara gəlincə, bu barədə hələlik konsensus yoxdur. Avtoyollar barədə xeyli təklif var, ancaq ümumi konsensus və ya ümumi yanaşma hələ ki mövcud deyil. Avtoyollar üzrə hazır xəritəmizin olduğunu deyə bilmərik. Dəmir yollarına gəlincə isə buna dair daha yaxın yanaşma və təsəvvür var. Yəni orada məsələ daha aydındır", - o qeyd edib.
Onun sözlərinə görə, yeni yolların açılması müzakirə olunmur, çünki bu, 11 yanvar birgə bəyanatından irəli gəlmir.
Hazırda işçi qrup keçmiş SSRİ-nin cənub sərhədi boyu, xüsusən Yerevan, Naxçıvan, Mehri və şərqə doğru (Ermənistana nəzərən – red.) dəmir yolunun açılmasını müzakirə edir.
“Həmin marşrut üzrə avtomobil yolunun tikintisi müzakirə olunmur, çünki təkrar edirəm, biz 11 yanvar birgə bəyanatı çərçivəsində fəaliyyət göstəririk, orada isə əvvəlki kommunikasiyaların bərpasından danışılır. Yəni orada bərpa olunmalı heç nə yoxdur, çünki əvvəllər orada avtomobil yolu olmayıb”, - Qriqoryan deyib.
Qeyd edək ki, Azərbaycan, Ermənistan, Rusiya baş nazir müavinlərinin regionda kommunikasiyaların açılmasına dair işçi qrupu bu ölkələrin liderləri İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putinin birgə bəyanatı əsasında, 2020-ci il 9 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədilə yaradılıb.
İşçi qrupunun həmsədri rolunda Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinləri, eləcə də Rusiya Federasiyası Hökumətinin sədr müavini çıxış edir.