BAKI, 27 oktyabr — Sputnik. Tbilisidəki "Qafqaz Evi"ndə "Mədəniyyət təqvimi" layihəsi çərçivəsində növbəti müasir Azərbaycan filmi nümayiş etdirilib.
Sputnik Azərbaycan xəbər verir ki, tbilisili kinomanlara rejissor Asif Rüstəmovun 2014-cü ildə çəkdiyi "Axınla aşağı" bədii filmi ingilis dilində subtitrlərlə təqdim olunub.
Layihənin koordinatoru Marika Tkeşelaşvili bildirib ki, filmlərin nümayişinin məqsədi gürcü tamaşaçıları Azərbaycandakı müasir kino istehsalı, onun aktual mövzuları və estetik özəllikləri ilə tanış etməkdir.
"Axınla aşağı" filmi avarçəkmə komandasının məşqçisi Əlinin hekayəsindən bəhs edir. O, həyat yoldaşına xəyanət edir və sevgilisi ilə yeni həyata başlamaq istəyir, lakin oğluna görə buna tam cəsarət edə bilmir. Oğlu Ruslan avarçəkmə komandasının üzvüdür və atası ilə münasibətləri gərgindir. O, atasının ümidlərini doğrulda bilmir və buna görə töhmət alır. Bir önəmli yarışdan öncə Əli oğlunu komandadan kənarlaşdırır. Bundan sonra Ruslanın izi itir.
Seansdan sonra tamaşaçılar ekran əsəri ilə bağlı təəssüratlarını bölüşüblər. Onlar filmi maraqlı və uğurlu adlandırıblar. Kinosevərlər qeyd ediblər ki, film ciddi və ağır mövzuda olsa da, tamaşaçını sona qədər baxmağa məcbur edir.
A.Rüstəmovun verdiyi məlumata görə, sözügedən film yaxın günlərdə Xorvatiyada da nümayiş olunacaq.
Qeyd edək ki, "Axınla aşağı" filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınıb. Ekran əsəri bir sıra beynəlxalq mükafatlara layiq görülüb.
"Mədəniyyət təqvimi" layihəsi çərçivəsində bundan öncə Elvin Adıgözəl və Rüfət Həsənovun "Buqələmun" filmi (2013) göstərilib.